“Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik”
"Kənd təsərrüfatı təxminən 5 faiz səviyyəsində artıb. Bu da yaxşı artımdır. Hesab edirəm ki, növbəti illərdə bu artım daha da güclü olmalıdır". SİA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
Prezident İlham Əliyevin sözlərinə görə, ilin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub. Bunun böyük hissəsi təqribən 7 milyardı daxili sərmayədir. Beş milyard isə xarici sərmayələrdir: "Bu da çox vacib məsələdir. Çünki uzun illərdir Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır, bax, altı ayda qoyulan bu 5 milyard xarici sərmayə bunu bir daha təsdiqləyir. Hər bir ölkə üçün xarici investisiyalar önəmli rol oynayır . Baxmayaraq ki, özümüzün də indi kifayət qədər böyük maddi imkanlarımız var, yenə də xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir. Əlbəttə ki, beynəlxalq maliyyə qurumlarına da ciddi siqnal göndərir ki, Azərbaycanda iqtisadi sahədə çox müsbət vəziyyət yaranmışdır. Eyni zamanda, son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu da bizim məqsədimiz idi. Bir neçə il bundan əvvəl qarşıya bu məqsəd qoyulmuşdu və biz buna çatmışıq".
Dövlət başçısı deyib ki, daxili investisiyalar daha çox dövlət xərcləri hesabına formalaşır. Ancaq özəl sektor da tədricən öz investisiya imkanlarını artırır. "Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyaların böyük hissəsi özəl qurumlar tərəfindən qoyulacaq: "Buna nail olmaq üçün əlbəttə ki, özəl qurumlar daha da fəal işləməlidir, daha da böyük güc toplamalıdırlar. Dövlət isə öz tərəfindən onlara bütün lazımi dəstəyi göstərir. Azərbaycanda gözlənilən nəhəng enerji layihələri, eyni zamanda, özəl sektorun da inkişafına təkan verəcəkdir. Çünki Azərbaycanın neft-qaz sektorunun işlənilməsi ilə bağlı nəzərdə tutulan nəhəng layihələr 10 milyard dollarla ölçülür. Bu sifarişlərin böyük əksəriyyəti hesab edirəm ki, Azərbaycanda reallaşmalıdır. Artıq Azərbaycanda güclü sənaye imkanları da vardır. Belə olan halda yerli şirkətlər üçün əlavə imkanlar yaranacaq və onlar da bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər".
Ölkə rəhbəri hesab edir ki, 12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir: "Əgər biz bu tempi saxlaya bilsək, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaq. İlin əvvəlində mən qarşıya vəzifə qoymuşdum ki, bu il Azərbaycana qoyulacaq sərmayə keçən ildən az olmamalıdır. Keçən il 20 milyard dollardan çox vəsait qoyulub. Ancaq biz artıq görürük ki, keçən ildən daha da çox sərmayə qoyulacaq. Qoyulan vəsait - hər manat və ya dollar, avro ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Hər bir ölkə maraqlıdır ki, o ölkəyə sərmayə qoyulsun, o cümlədən Azərbaycan. Baxmayaraq ki, artıq Azərbaycan da öz növbəsində başqa ölkələrin iqtisadiyyatına sərmayələr qoymağa başlamışdır və bu da müasir Azərbaycanın üstünlükləridir. Xüsusilə son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində xarici iqtisadiyyatlara qoyulan vəsait onu göstərir ki, biz doğrudan da, böyük imkanlara malikik. Biz özümüzü çox rahat hiss edirik. Əlbəttə ki, bizim iqtisadi imkanlarımız və siyasi addımlarımız bir-biri ilə bağlıdır və biz gələcəkdə xarici bazarlara nə qədər çox investisiya qoysaq, bölgədə və dünyada siyasi çəkimiz də o qədər artacaq. Bu, təbiidir və biz bu yolla gedirik. Deyə bilərəm ki, dünyanın ancaq inkişaf etmiş ölkələri başqa ölkələrin iqtisadiyyatlarına böyük həcmdə sərmayə qoyurlar. Azərbaycan inkişafda olan bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB