Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

YAP Gənclər Birliyinin Masallıda təşkil etdiyi "Yay məktəbi"nin iştirakçıları "Azərbaycanda dövlət gənclər siyasəti" mövzusunda müzakirələr aparıblar. SİA-nın məlumatına görə, bu mövzu ilə bağlı "Yay məktəbi"nin iştirakçıları qarşısında "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu çıxış edib. Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətindən də yan ötməyib: "Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Həmin siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir".

Hikmət Babaoğlu bildirib ki, bu baxımdan, hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir. Onun sözlərinə görə, gənclər ictimai-siyasi proseslərdə də kifayət qədər fəaldırlar: "Gənclər öz siyasi mövqelərini daha çox Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmaqla ifadə edirlər. Eyni zamanda, bu siyasi fəallıq bütün seçkilərdə də özünü göstərməkdədir. Gənclər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıya adekvat olaraq öz fəaliyyətlərində daim Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bəyan ediblər. Bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası öz sıralarında 600 min insanı birləşdirir. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də diqqət və qaygı ilə əhatə olunmuş gənclərin partiyamızın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, Ümummilli lider Heydər Əliyevin dediyi: "Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar" fikrinin reallaşdığını təsdiq edir. Partiyaya gənclərin axını isə Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza ən etibarlı təminat yaradır".

Hazırda YAP üzvlərinin 40 faizinin gənclərdən ibarət olduğunu deyən natiq partiyada birləşən gənclərin sayının 200 min nəfərdən çox olduğunu diqqətə çatdırıb. Hikmət Babaoğlunun sözlərinə görə, gənclərin partiyamıza axınının surətlənməsində Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti sahələrində atılan məqsədyönlü addımlar xüsusi əhmiyyət kəsb edir. O deyib ki, gənclər nəinki seçici olaraq, eyni zamanda seçki kampaniyasınnı aparılmasında da gənclərin potensialı əhəmiyyətli güc kimi çıxış edir. Nəzərə alsaq ki, qarşıdan prezident seçkiləri gəlir, onda bu potensialın səfərbər olunması bir zərurətə çevrilir. Baş redaktor qarşıdan gələn prezident seçkiləri kampaniyasında da hər bir gəncin fəal təbliğatçı olmasının vacibliyini diqqətə çatdırıb: "Ümumiyyətlə, bütün sahələr üzrə gənclərə diqqətlə yanaşan YAP onların siyasi proseslərdə fəal iştirakının təmin olunmasında da əhəmiyətli addımlar atır. Ötən seçkilərdə gənclər bir sıra layihələrlə çıxış edib ki, bu da partiya rəhbərliyi tərəfindən hər zaman dəstəklənib. Bütün bunlarla yanaşı gənclər seçkilərdə də öz gücünü sınayırlar. Bu, daha çox son bələdiyyə seçkilərində özünü göstərdi. Belə ki, son bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslər arasında da gənclərin də təmsilçiliyi yüksək olub. Bu amil həmin seçkinin nəticələrində də özünü göstərdi".

Hikmət Babaoğlu bildirib ki, hazırki proseslər Azərbaycan gəncliyinin milli siyasət həyata keçirən indiki iqtidarı dəstəklədiyini göstərir. Onun fikrincə, gənclər hər zaman olduğu kimi qarşıdan gələn seçkilərdə də anti-milli qüvvələrə yox deyəcək.

Diskusiyada çıxış edən gənclər bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərilə əlaqədar bildiriblər ki, onlar qarşıdan gələn prezident seçkilərində də yekdilliklə dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Onlar eyni zamanda, dövlət gənclər siyasətinin əhəmiyyətini də vurğulayıblar.

Qeyd edək ki, gün ərzində "Yay məktəbi"nin iştirakçıları intellektual oyunlar da təşkil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə