Fuad Ələsgərov: Miqrasiya Məcəlləsi ilk dəfə olaraq Azərbaycanda qəbul edilir

Fuad Ələsgərov: Miqrasiya Məcəlləsi ilk dəfə olaraq Azərbaycanda qəbul edilir

"Miqrasiya Məcəlləsinin qəbul edilməsi bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu islahatların tərkib hissədir. Son onillikdə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı ölkəmizə marağı artırmış, bu isə öz növbəsində miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır. Belə şəraitdə miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi ehtiyacları köklü islahatların həyata keçirilməsini zəruri etmişdir". Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən miqrasiya siyasətinin prioritet istiqamətləri müəyyən edilib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərinin yaradılması, miqrasiya proseslərinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi, qeyri-qanuni miqrasiyanın qarşının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə kimi qoyulub: "Həyata keçiriləcək tədbirlərdən biri də Miqrasiya Məcəlləsinin qəbul edilməsi idi. Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı normaları müəyyənləşdirən vahid sənəddir".

Fuad Ələsgərov vurğulayıb ki, Miqrasiya Məcəlləsi ilk dəfə olaraq Azərbaycanda qəbul edilir: "Məcəllədə ilk dəfə olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu ilə bağlı normalar müəyyən olunmuşdur. Burada miqrasiya uçotunun məqsədləri, aparılma qaydası və əsasları öz əksini tapmışdır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları təkmilləşdirilmiş, onların qeydiyyat proseduru sadələşdirilərək, vahid miqrasiya məlumat sistemi vasitəsilə olduğu yer üzrə qeydiyyata alınması qaydası müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, olduğu yer üzrə qeydiyyatla bağlı hər hansı bir sənədin alınması, həmçinin dövlət rüsumunun ödənilməsi tələb olunmur və əcnəbilər, habelə onları qəbul edən şəxslər qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müraciət edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə