Siyavuş Novruzov: “Seçkilərə kölgə salmaqla məşğuldurlar” MÖVQE

Siyavuş Novruzov: “Seçkilərə kölgə salmaqla məşğuldurlar” MÖVQE

"Kimsə işləmir, evində oturub qəzet səhifələrində seçkiyə hazırlığını ifadə etmək istəyirsə, təbii ki, bu adamlar tamam başqa məqsədlərə xidmət edirlər və seçkinin üzərinə kölgə salmaq istəyirlər". SİA-nın verdiyi məlumata görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov publika.Az-a açıqlamasında müxalifət mətbuatında hakimiyyətin seçki ilə bağlı məxfi sənədi barədə yayaılan informasiyalara münasibət bildirərkən deyib.

YAP rəsmisi deyib ki, hər bir siyasi partiyanın seçkiyə hazırlıq mərhələsində seçki planı olmalıdır. Onun sözlərinə görə, YAP-ın birillik seçki planı var: "Bu plan üzrə də öz işlərimizi Azərbaycan qanunvericiliyinə uyğun olaraq aparırıq. Bütün dünyada hər bir siyasi partiyanın seçki planı olmalıdır. Orda bütün fəaliyyət tarixi, günü, ayı ilə qanun çərçivəsində yazılmalı, buna uyğun addımlar atılmalıdır. YAP-da dünya praktikasından bəhrələnərək özünü seçki proqramını yazıb və buna uyğun olaraq rayon təşkilatlarında konfranslar təşkil edilir, nümayəndələrə, müşahidəçilərə treninqlər keçirilir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müşahidəçilik missiyası öyrədilir. Seçki qərargahları yaradılır. Bütün bunlar da qanunun bütün tələbələrinə müvafiq olaraq həyata keçirilir. Digər siyasi partiyalarsa namizəd axtarışındadır, hələ də tapa bilmirlər".

Yayılan məlumatların yalan olduğunu deyən S.Novruzov qeyd edib ki, partiya seçici ilə bütün vaxtlarda işləməlidir: "Misal üçün, yazırlar ki, seçki planına ərazinin öyrənilməsi daxildir. Təbii ki, partiya öz təbliğatını necə aparmaq, seçicinin xüsusiyyətlərini öyrənmək üçün ərazilərdə iş aparmalıdır. Seçicilər yaş, cinsiyyət, o cümlədən, məşğuliyyət baxımından kateqoriyalara bölünür. Rayonun da bir siyasi xəritəsi hazırlanır. Çünki seçki proqramına daxil olması vacib olan məsələlər var ki, bu, öyrənilmədən, bilmədən havadan götürülməli deyil ki?! Bunlar da tədiqiqat aparmaqla, təhlil etməklə öyrənilir".

S.Novruzov bildirib ki, hakim partiya hər şeyi qanuna uyğun olaraq həyata keçirir. "Müxalifət seçicinin nə düşündüyünü belə bilmir. Bunları bilmədikləri halda hansı formada seçki kampaniyası aparacaqlar. Bundan görünür ki, onlar seçkiyə hazırlaşmırlar, sadəcə olaraq seçkilərə kölgə salmaqla məşğuldurlar. Amma bu baş tutan deyil"-deyə hakim partiyanın rəsmisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə