Fərid Şahbazlı: “Bu fərman Azərbaycan gəncliyi üçün növbəti hədiyyə oldu” MÜSAHİBƏ
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının SƏS TV-yə müsahibəsi
- Fərid müəllim, ölkə prezidenti İlham Əliyev "Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında" Fərman imzalayıb. Siz bu fərmanın özəlliklərini necə dəyərləndirirsiniz?
- Bu fərman Azərbaycan gəncliyi üçün növbəti hədiyyə oldu. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu fərmanın təsis edilməsi "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı" çərçivəsində həyata keçirilib. Bu kimi fərman və qərarlar Azərbaycan gəncliyinin formalaşması və daha da sürətlə inkişaf etməsi üçün şərait yaradır. Nəzərdə tutulmuş mükafatlandırma prosesi 6 istiqamətdə icra olunacaq. Bunlara təhsil, elm, mədəniyyət, incəsənət, ictimai fəaliyyət sahələri daxildir. İcra olunacaq fərmanın çoxşaxəli olması gənclərin fəaliyyətinin keyfiyyət əmsalının yüksəlməsinə olduqca müsbət təsir edəcək. Onlar bundan sonra nəinki öz üzərlərində, hətta dövlət qarşısında da məsuliyyət daşıdıqlarını daha çox dərk edəcəklər. Onlara göstərilən diqqət və qayğıdan ruhlanaraq gördükləri işlərin keyfiyyətini artırmağa səy göstərəcəklər. Mən həmsöhbət olduğum gənclərin fikirlərindən də belə qənaətə gəldim ki, onlar cənab prezident tərəfindən verilmiş fərmanı təqdirəlayiq hesab edir və alqışlayırlar.
- Sizcə, Azərbaycan gəncliyi ona göstərilən diqqət və qayğı qarşısında onlara duyulan etimadı doğrulda bilirmi?
- Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin mahiyyətində Azərbaycan gəncliyini dünyada bütün istiqamətlər üzrə gedən rəqabət prosesinə tab gətirə biləcək qüvvə kimi görmək istəyi dayanır. Bu istəyə nail olmaq üçün az öncə qeyd etdiyimiz kimi, bir sıra layihələr tətbiq olunub, çox saylı fərmanlar verilir. Onu da nəzərinizə çatdırmaq istərdim ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra ilk dəfə Gənclər və İdman Nazirliyi yaradıldı, eyni zamanda gənclərin bir sıra forumlarının keçirilməsinə başlanıldı. 2 fevral tarixinin gənclər günü kimi qeyd edilməsi isə ən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Biz Ulu Öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyevin yürütdüyü siyasətə, o cümlədən verdiyi fərmanlara diqqət yetirsək görərik ki, onların çoxu məhz gənclərə aid edilib. Hesab edirəm ki, gənclər bunları müşahidə edərkən dövlət tərəfindən onlara göstərilən qayğının fərqinə varır. Onlara yaradılan şəraitdən öz ölkəsinə xidmət etmək üçün əlində gələni edirlər.
- Dövlət tərəfindən göstərilən qayğıya gözləri kor olan gənclər qrupu da mövcuddur.Həmin gənclər haqda nə deyə bilərsiniz?
- Əfsus ki, Azərbaycanda çox da böyük olmayan gənclər qrupu mövcuddur. Onlar özləri belə bilmədən, Azərbaycanın inkişafı əleyhinə yönəlmiş müəyyən siyasi qurumlara qoşulublar. Ancaq mən əminəm ki, az müddətdən sonra onlar yanlış yolda olduqlarını anlayacaqlar. Son zamanlarda sosial şəbəkələrdə gedən şərhlərə nəzərən deyə bilərəm ki, bu kimi gənclərdə də oyanma müşahidə olunur. Onlar artıq yanlış yolda olduqlarının və dövlətin onlara göstərdiyi diqqətin fərqinə varırlar. Bu müşahidələrimə əsasən deyə bilərəm ki, tezliklə bu kimi gənclər də dövlətin onların gələcəyi üçün yürütdüyü siyasətə qoşulacaq, vətən qarşısında öz borclarını yerinə yetirəcəklər. Azərbaycan gəncləri növbəti prezident seçkilərində cənab Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Buna səbəb isə onun hakimiyyətdə olduğu müddətdə gənclərin inkişafının özünü qabarıq şəkildə göstərməsidir. Mən düşünürəm ki, bu gün Azərbaycan gəncliyinin İlham Əliyevin parlaq siyasətinə böyük ehtiyacı vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB