Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirildi YENİLƏNİB-FOTOLAR

Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirildi YENİLƏNİB-FOTOLAR

Bu gün Bakıda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası (AR) Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirilib.

SİA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən AGAT-ın sədri Gülsel Səfərova deyib ki, əsas məqsəd Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əsasında əməkdaşlığın yaradılması, ölkənin uğurlu dövlət siyasəti barədə ətraflı məlumat verib qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək, Azərbaycan həqiqətləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır. Diqqətə çatdırılıb ki, burada əsasən Azərbaycanın Avropaya inteqrasiyası, demokratik quruculuqda Avropa təcrübəsi, siyasi elmin əsasları və s. mövzuları müzakirə olunacaq: "Bütün mövzular çərçivəsində panellər təşkil olunacaq və eyni zamanda aidiyyatı dövlət qurumları ilə görüş keçiriləcək. Məktəb iştirakçıları siyasi bilik təcrübəsindən başqa, Azərbaycanın reallıqları və dövlətimizin demokratik quruculuqda nailiyyətləri barədə ətraflı məlumat alacaqlar. Sonda isə Gənc Siyasətçilər Şəbəkəsinin yaradılması nəzərdə tutulur".

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib ki, AGAT Azərbayanda böyük işlərə imza atıb: "Mənim bu təşkilata böyük hörmətim var. Gənclərin müxtəlif təlimlərdə iştirak etməsi və maarifləndirilməsi Azərbaycanın inkişafına töhvə verəcək. Mürəkkəb coğrafi ərazidə yerləşən Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb ki, bu da təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir. Fransa hökumətinin əsas prioritet məqsədlərindən biri gənclərin maarifləndirilməsidir. Bununla belə düşünürəm ki, Azərbaycan gəncləri nə qədər çox xarici dil bilsələr, bir o qədər çox dünyagörüşünə malik olarlar".

Ruminiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian isə bildirib ki, Ruminiya dövləti Azərbaycanı özünə bir tərəfdaş kimi görür: "NATO-Azərbaycan əlaqələrinin inkişafında Ruminiya dövlətinin də xidmətləri danılmazdır. Hesab edirəm ki, gənclərlə təşkil olunan bu görüş də böyük əhəmiyyət daşıyır".

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucovun sözlərinə görə, Azərbaycanda müstəqillik tarixində siyasi plüralizm, media, insanı haqları və bir sıra digər sahələrdə xeyli nailiyyətlər əldə olunub: "Azərbaycanın əhalinin 3/2-ni gənclər təşkil edir. Bu da çox böyük rəqəmdir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman gənclərə böyük diqqət və qayğı göstərib. Məlumdur ki, yaşlı nəsillə gənc nəsil arasında sağlam rəqabət mühiti mövcuddur. Ancaq Azərbaycan o ölkələrdəndir ki, cəmiyyətin hər iki qismi ilə bir yerdə əl-ələ verərək, inkişaf istiqamətində böyük səylər göstərib".

Daha sonra millət Rasim Musabəyov və digər qonaqlar çıxış edərək Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirilməsi ilə bağlı dəyərli fikirlərini bölüşüblər.

Qeyd edək ki, tədbirin növbəti günlərində AR Milli Məclisi, Yeni Azərbaycan Partiyası, AR Prezidentinin yanında Gənclər Fonduna ziyarət ediləcək. Siyasi məktəb çərçivəsində siyasətçinin kommunikasiya bacarıqlarının artırılması, münaqişələr (Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi), siyasi partiyaların dövlət idarəedilməsində rolu və digər mövzularda panellər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə