Politoloq: “Ermənistan Azərbaycanın iqtisadi təşəbbüslərinə müsbət cavab verməyib”

Politoloq: “Ermənistan Azərbaycanın iqtisadi təşəbbüslərinə müsbət cavab verməyib”

"Rəsmi İrəvanın Azərbaycanın son addımlarına reaksiyası Dağlıq Qarabağ tənzimlənməsində erməni təhtəlşüurunu tam açıq şəkildə ortalığa qoydu". SİA-nın məlumatına görə, bunu Siyasi innovasiya və texnologiyalar mərkəzinin sədri Mübariz Əhmədoğlu 2013-cü ilin iyun ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"Ermənistan xarici işlər naziri E.Nalbandyan ATƏT MQ həmsədrləri ilə təcili Fransada görüşdü. Rəsmi məlumat yalnız görüşün baş tutmasını təsdiqləyir. Müzakirə mövzusu barədə heç bir məlumat verilmir, lakin rəsmi xəbərin qoşmasından belə başa düşmək olar ki, E.Nalbandyan həmsədrlərə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin məlum prinsiplər və əlavə elementlər əsasında yalnız dinc yolla tənzimlənməsində maraqlıdır. Rəsmi İrəvəvanın Helsinki Yekun Aktının üç məlum prinsipi əsasında çərçivə sazişini imzalamağa çalışması bəllidir. Ermənistanın mövqeyində yeni olan "elementlər" və ya "komponentlər" anlayışıdır. Ehtimal ki, Ermənistan 2009-cu ildə ABŞ prezidentinin rəsmi saytı vasitəsilə yayımlanmış Yenilənmiş Madrid Prinsiplərini nəzərdə tutur",- politoloq qeyd edib.

Mübariz Əhmədoğlu vurğulayıb ki, Ermənistanın bu məsələyə yanaşmasında iki nüans diqqətdən kənarda qala bilməz: "Birincisi, Ermənistan Azərbaycanın iqtisadi təşəbbüslərinə müsbət cavab verməyib. Rəsmi Bakı Ermənistana qaz vermək, onu regional layihələrə qoşmaqla bağlı ciddi bəyanatla çıxış etdi. Ermənistan prezidenti, parlamentin spikeri, baş naziri və xarici işlər naziri müvafiq tribunalara malik olsalar da, Azərbaycan haqqında əvvəlki hədyanlarını davam etdirdilər. Azərbaycanın Ermənistana doğru irəli sürdüyü iqtisadi təşəbbüslərini eşitməzliyə vurdular. Bakıda keçirilən paradda isə Azərbaycanın hərbi təşəbbüslərini, hərbi bəyanatlarını dərhal gördülər. Bununla da Ermənistan rəhbərliyi sübut etdi ki, o, yalnız hərbin dilini qavraya bilir. Acından ölsə də, Azərbaycanın iqtisadi bəyanatlarını eşitmir. Ona görə də rəsmi İrəvan Azərbaycanın keçirdiyi hərbi paraddan dərhal sonra şikayət məqsədilə ATƏT MQ həmsədrlərindən görüş istəyib. İkinci nüans ondan ibarətdir ki, E.Nalbandyan Azərbaycanın hərbi gücündən həmsədrlərə şikayətini çatdırmaq üçün guya dinc yolla güzəştə getməyə hazır olduğunu nümayiş etdirib. Rəsmi İrəvanın bu addımı ATƏT-in vasitəçiliyinin mahiyyətini sübut etmək üçün çox mühüm göstəricilərdən biri ola bilər. ATƏT MQ vasitəçiləri öz ölkələrinin prezidentlərinin yaydıqları bəyanatda göstərilən yolu da gedə bilərlər. Açıq qalmış sualların cavabını tapmaqla çərçivə razılaşmasına, oradan da əhatəli sülh sazişini hazırlamağa başlaya bilərlər. Ermənistanı da bu yolu getməyə dəvət edə bilərlər. Eyni zamanda vasitəçilər Ermənistanın təhriki ilə regionda hərbi gücün artmasının təhlükəli olmasına, danışıqlara ziyan vurmasına dair bəyanatla da çıxış edə bilərlər. Bütün hallarda bəlli oldu ki, Ermənistan yalnız zoru tanıyır. ABŞ-dakı erməni təşkilatları rəsmi Yerevandan fərqli olaraq ATƏT MQ həmsədr ölkə prezidentlərinin bəyanatlarından narazıdır. Heç kim Ermənistandan və Dağlıq Qarabağdan güzəşt tələb edə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə