Bakıda 5-ci Koreya-Mərkəzi Asiya beynəlxalq seminarı keçirilib

Bakıda 5-ci Koreya-Mərkəzi Asiya beynəlxalq seminarı keçirilib

Bu gün Bakıda "Mərkəzi Asiya və Azərbaycanda iqdisadi islahatlar və açıq iqdisadi siyasət: Koreya-Mərkəzi Asiya-Azərbaycan iqdisadi əməkdaşlığını gücləndirmək üçün atılan addımlar" mövzusunda beynəlxalq seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda çıxış edən Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirib ki, Azərbaycanın iqdisadi inkişafına dair bir sıra araşdırmalar, tədbirlər həyata keçirilib: "Ölkəmizin iqdisadi inkişafının əsasını qeyri-neft sektoru təşkil edir: "Azərbaycan 2020: İnkişaf Konsepsiyası" məhz bu amillərdən biridir. Hər kəsə məlumdur ki, ölkəmizdə bu ilin əvvəlində Dünya İqdisadi Forumu keçirildi. Burada bir çox məsələlər, iqtisadi, xüsusilə enerji məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Ötən ildən etibarən Cənubi Koreya Respublikası ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq təşkil edilib. Hesab edirəm ki, gələcəkdə nəinki Koreya ilə, eləcə də Mərkəzi Asiya regionu ilə bu əlaqələr uğurla davam etdiriləcək".

Koreya Milli Assambleyasının, Saenuri Partiyasının nümayəndəsi Hvanq Jin Ha çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə təşkilatçılara dərin minnətdarlığını bildirib, Azərbaycan-Koreya arasındakı münasibətlərdən və gələcək perspektivlərdən söz açıb: "Azərbaycan Qara Dəniz və Xəzər dənizləri arasında strateji mərkəz olaraq Mərkəzi Asiya, Yaxın Şərq və Avropanı bilərşdirən körpü rolunu oynayır. Azərbaycan Xəzər regionunun 19,1 faiz neft, 11,3 faiz qaz ehtiyatlarına malikdir. Mərkəzi Asiya regionu Koreya üçün böyük əhəmiyyət daşıyır. 2011-ci ildə Koreya ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 3,3 milyard dollar təşkil edib".

Azərbaycanın son illər yüksək inkişafa nail olduğunu deyən Koreyanın Azərbaycandakı səfiri Choi Suk-İnn isə bildirib ki, Koreya ilə Azərbaycan arasında ticarət dövriyyəsi də artmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlının, Azərbaycan Dövlət İqtisad universiteti yanında İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru Rasim Həsənov və Azərbaycan-Cənubi Koreya alimləri ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan qonaqların çıxışlarından sonra konfrans sessiyalar üzrə davam etdirilib.

Digər panellərdə "Mərkəzi Asiya ölkələrinin sənaye diversifikasiyası strategiyası və iqtisadi inkişaf üçün tədbirlər" və "Mərkəzi Asiya ölkələrinin açıq iqtisadi siyasəti və Koreya - Mərkəzi Asiya - Azərbaycan əməkdaşlığına dair tədbirlər" mövzusunda müzakirələr olub.

Qeyd edək ki, tədbir çərçivəsində Strateji Araşdırmalar Mərkəzi (SAM) və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun arasında əməkdaşlığı gücləndirmək üçün Anlaşma Memorandumu imzalanması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə