Elman Nəsirli: “Edvard Nalbandyan gözdən pərdə asmağa çalışır” AÇIQLAMA

Elman Nəsirli: “Edvard Nalbandyan gözdən pərdə asmağa çalışır” AÇIQLAMA

"Ermənistan prosedur qaydalarına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Nazirlər Komitəsinə altı ay ərzində rəhbərlik edəcək. Bundan sonra rəhbərlik Avstriyaya keçəcək. 2014-cü ilin may ayında isə rəhbərlik Azərbaycana keçəcək". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli AŞPA-nın tribunasından Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın sərsəm çıxışlarına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan xarici işlər naziri yaranmış fürsətdən maksimum faydalanmağa çalışıb: "Bu insan öz köhnə ampulasındadır, yəni köhnə anti- Azərbaycan siyasətini və təbliğatını həyata keçirmək üçün sanki əlinə unikal bir imkan düşüb. Erməni nazir AŞPA-nın tribunasından Azərbaycan əleyhinə real həqiqətləri təhrif edən bəyanatlar səsləndirib. Ən dəhşətlisi isə ondan ibarətdir ki, Nalbandyan AŞPA-dakı çıxışında Azərbaycan tərəfinin yenilənmiş Madrid prinsiplərini qəbul etmədiyini, amma Ermənistanın bunu qəbul etdiyini qeyd edib. Beləcə, Azərbaycan tərəfi hər dəfə bu sənəd qəbul olunmasın deyə prosesə mane olur. Onda belə qənaətə gəlmək olar ki, Nalbandyan AŞPA-nı və dünya birliyini Azərbaycana təzyiq göstərməyə çağırır. AŞPA-ya çox gözəl məlumdur ki, 2009-cu ilin dekabr ayında Afinada yenilənmiş Madrid prinsipləri irəli sürüldü və Azərbaycan müəyyən texniki məqamlardan narazı olmasına baxmayaraq, bu prinsipləri qəbul etdi. Ermənistan isə iki həftəlik möhlət aldı. Bu günə qədər Ermənistan həmin təklifləri qəbul etməyib və ciddi-cəhdlə çalışır ki, bu təkliflər baş tutmasın. Erməni nazir gözdən pərdə asaraq, beynəlxalq ictimaiyyətin fikrini prosesdən yayındırmağa çalışır. Əslində, heç bir zaman razılıq əldə olunmayıb. Bu, Ermənistanın müddətsiz danışıqlar taktikasıdır. Nalbandyan real həqiqətlərin nədən ibarət olduğunu yaxşı bilir. O, çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunmadı. Orada olan xarici jurnalistlərdən biri sualında "Siz bizi təəccübləndirəcək səviyyədə Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunmadınız" -dedi. Bundan sonra erməni nazir Azərbaycan tərəfini ittiham etməyə başladı və anti-Azərbaycan mövqeli bəyanatlar verdi".

E.Nəsirli hesab edir ki, AŞPA münaqişənin həlli ilə məşğul olmasa belə, unutmaq olmaz ki, 1949-cu ildən fəaliyyət göstərən bu təşkilat ilk növbədə Avropada insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğuldur: "Eyni zamanda, fərdi şəkildə insan hüquqlarının pozulmasında da bu təşkilat məsuliyyət daşıyır. Amma Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu günə qədər AŞPA kütləvi şəkildə insan hüquqlarının pozulması ilə bağlı Ermənistana heç bir təzyiq və təsir etməyib. Ona görə də, Nalbandyan tribunadan anti-Azərbaycan xarakterli yalan bəyanatlar yaymaqla məşğul olur".

Bütün xəbərlər Facebook səhifəmizdə