Gənc diplomatlar prezident İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul edib FOTOLAR

Gənc diplomatlar prezident İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul edib FOTOLAR

Bu gün Azərbaycan Gənc Diplomatlar Birliyi (AGDB) prezident İlham Əliyevin 10 illik fəaliyyətinə həsr olunan "Azərbaycan diplomatiyası yeni inkişaf mərhələsində" adlı konfrans keçirib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəsmiləri, millət vəkilləri Aydın Mirzəzadə, Musa Quliyev, QHT rəhbərləri, gənclər, media nümayəndələri iştirak edib.

Konfransı giriş sözü ilə açan AGDB-nin baş katibi Eltun İbrahimov konfrans haqqında məlumat verib. Bildirib ki, Azərbaycanın beynəlxalq arenada qazandığı möhtəşəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır.

Daha sonra çıxış edən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli ölkə başçısı İlham Əliyevin 10 illik prezidentliyi dövründə qazandığı uğurlardan danışıb.

Azərbaycan Respublikası Prezidenti Aparatının nümayəndəsi Vüsal Quliyev bildirib ki, 2013-cü ilin oktyabrında Azərbaycan vətəndaşları prezident seçkilərində növbəti 5 il üçün ölkə başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Ölkənin taleyüklü gələcəyinin müəyyənləşməsində gənclərimiz də mühüm rol oynayacaq.

Çıxış edən millət vəkilləri Aydın Mirzəzadə, Musa Quliyev, Milli Məclisin sektor müdiri Adil Vəliyev, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Azərbaycanın apardığı xarici və daxili siyasətdən danışıblar. Vurğulanıb ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Konfransın sonunda AGDB adından dövlət başçısının apardığı daxili və xarici siyasəti dəstəkləyən, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul olunub.

Bəyanatda deyilir:

Bu gün güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik olan dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir.

Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır.

Aparılan düzgün siyasətin nəticəsində Azərbaycan hansısa beynəlxalq maliyyə institutlarından və ya siyasi mərkəzlərindən asılı olmayan regional lider dövlət səviyyəsinə yüksəlmişdir. Ölkəmizin iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80%-dən çoxunu təşkil edir.

Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın mövqeyi yüksək olaraq qalmaqdadır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatı öz rəqabət qabiliyyətinə görə dünyada 46-ci, MDB məkanında isə birinci ölkə olaraq təqdim olunmuşdur. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hazırlığına görə də MDB məkanında birinci mövqedədir. BMT-nin hesabatına görə, insan inkişafı indeksinə görə də ən böyük sıçrayışı məhz Azərbaycan etmişdir.

Eyni zamanda Azərbaycanın bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malik olması və 2011-ci ildə BMT TŞ-ya qeyri-daimi üzv seçilməsi ilə bir daha təsdiqlənmişdir. 155 ölkənin Azərbaycanın lehinə səs verməsi əslində dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin əlamətidir, onun inkişafının təzahürüdür.

Bu gün Azərbaycan "Eurovision" ölkəsidir, beynəlxalq sammitlərin və sivilizasiyalararası dialoqun keçirildiyi məkandır, ən nəhayət, Avropanın ilk Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək dövlətdir.

Beynəlxalq arenada qazandığımız bu uğurlar banisi Heydər Əliyevin olduğu balanslı, çevik və çoxvektorlu Azərbaycan diplomatiyasının yeni geosiyasi reallıqlarda təntənəsidir.

Ölkəmizdəki inkişaf və yüksəliş prosesinin bir dalğası da gənclər sektorunda inqilabi dəyişikliklərlə müşayiət olunmaqdadır. Azərbaycan Prezident cənab İlham Əliyevin şəxsi qayğısı, diqqəti və himayəsi ilə gənclərimiz hər bir sahədə qazandıqları uğurların sayını daim artırırlar. Gənclərlə bağlı, həmçinin onların xaricdə təhsil alması ilə əlaqədar dövlət proqramlarının qəbulu, gənclərin hərtərəfli inkişafına dövlət dəstəyini təmin edən fərmanların, sərəncamların imzalanması və onların uğurla həyata keçirilməsi Prezident İlham Əliyevin müəllifi olduğu gənclər siyasətinin real təzahürləridir.

Heç şübhəsiz, dövlət idarəçiliyi və onun müxtəlif istiqamətləri üzrə əldə edilən bu uğurlar Ermənistanın ölkəmizə qarşı xarici havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti olmasaydı daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm tarixi həqiqətə, həm də beynəlxalq hüquq normalarına əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayıb və heç zaman da olmayacaqdır. Danışıqlar prosesində konkret nəticə olmasa da, son aylar ərzində beynəlxalq vasitəçilərin münaqişə ətrafında formalaşmış status-kvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı davamlı bəyanatlar səsləndirməsi təqdirəlayiq haldır. Münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və münaqişənin həlli yolu yalnız bundan keçir. Cənab Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə hərbi güc münaqişənin tezliklə həll olunması üçün öz rolunu oynayır və oynayacaqdır.

2013-cü ilin oktyabrında Azərbaycan vətəndaşları prezident seçkilərində növbəti 5 il üçün ölkənin taleyüklü gələcəyini müəyyənləşdirəcəklər. Gənclərimiz bu seçkidə Azərbaycanın gələcəyinə səs verməklə əslində inkişafa hədəflənmiş öz perspektivlərini müəyyənləşdirəcəklər. Bu reallıqdan çıxış edərək, Gənc Diplomatlar Birliyi olaraq prezident seçkilərində Davamlı inkişaf, qüdrətli dövlət və daha güclü Azərbaycan naminə cənab İlham Əliyevi dəstəkləyəcəyimizi bəyan edirik.

.

Bütün xəbərlər Facebook səhifəmizdə