Siyavuş Novruzov: “Milli Şura”nın yaratdığı komissiyalarının heç bir mənası olmayacaq”

Zahid Oruc: ““Milli Şura” hökuməti keçmişdə qalıb və sovetlərin dağılması ilə səhnəni tərk edib. Bu qurum gələcəyimiz ola bilməz!”
Siyavuş Novruzov: “Milli Şura”nın yaratdığı komissiyalarının heç bir mənası olmayacaq”

Eldar Namazov "Milli Şura" daxilində dini və etnik məsələlərlə məşğul olan komissiya yaratmağı planlaşdırır. Eldəniz Quliyev kimi millətlərarası münasibətlərdən baş çıxarmayan, separatçılığa daha çox meylli olan bir adamın bu işlərə rəhbərlik etməsi isə o deməkdir ki, Azərbaycanda separatizm yenidən qızışdırıla bilər. Gözləmək olar ki, bir azdan onlar ermənilərin hüquqlarının qorunması ilə bağlı çıxışlar etsinlər. Bu kimi addımlar "Milli Şura"nın iç üzünü açmağa kifayət edir. Yəni "Milli Şura" deyilən həftəbecər qurum birmənalı şəkildə başqa dövlətlərin Azərbaycanda maraqlarını təmsil edir. Məlum məsələ ilə bağlı ölkə siyasilərinin fikirlərini öyrəndik.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, "Milli Şura"nın yaratdığı komissiyalarının heç bir mənası olmayacaq: "Milli Şura" da təmsil olunan adamlar bu kimi məsələlərlə özlərini aldadırlar".

Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, Bu komissiyanın yaradılması Azərbaycan dövlətinə və millətinə xəyanətdir: "Etnik azlıqların hüquqlarının qorunması ilə bağlı "Milli Şura" daxilində komissiya yaradılırsa, onda bu qurumun nəyi millidir? 1993-cü ildə "Talış-Muğan Respublikası" yaradılanda indiki müxalifətin, o vaxt Əbülfəz Elçibəyin ən böyük səhvi onda oldu ki, Azərbaycanda etnik hüquqların qorunması ilə bağlı sərəncam verdi. Bu da bir növ aborigen, yerli türklərin hüquqlarının pozulmasına səbəb oldu. Dünyanın heç bir yerində belə qanun qəbul etmirlər. Bu gün Azərbaycanda bütün vətəndaşlara eyni cür yanaşılır".

Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə isə açıqlamasında deyib ki, "Milli Şura"nın dində nə kimi yeniliklər edəcəyi qaranlıq məsələ olaraq qalır: "Hakimiyyətə can atan qüvvələr mütləq dini faktoru nəzərə almalıdır. Amma Azərbaycanda dinlə bağlı problem yoxdur. Azərbaycan tolerant ölkədir və bütün dinlərə qullu edən insanlar bərabər şəkildə fəaliyyət göstərirlər. "Milli Şura"da təmsil olunanlar isə çalışırlar ki, islami qüvvələri öz tərəflərinə çəksinlər. Belə addımları ilə guya dinin inkişafına yardım etdiklərini göstərmək istəyirlər".

Millət vəkili Zahid Oruc isə vurğulayıb ki, "Milli Şura"nın qurmaq istədiyi hökumət modeli çox arxaik quruluşludur və təxminən 90-cı illərin dumanlı-utopik baxışlarını xatırladır: "Azərbaycanda keçiriləcək prezident seçkilərin astanasında yaradılması istənilən belə bir komissiyalara bir-iki adamın nəzəri mülahizələrini yazmaqla Azərbaycan insanını ona inandırmaq olmaz ki, bunlar gəlib fərqli bir din siyasəti yürüdəcəklər. Yaxud da onların milli etnik məsələyə baxışı da çox təhlükəli səciyyə daşıdığı və bizə baha başa gəldiyini insanlarımız unutmayıblar. "Milli Şura" hökuməti keçmişdə qalıb və sovetlərin dağılması ilə səhnəni tərk edib. Bu qurum gələcəyimiz ola bilməz!".

Bütün xəbərlər Facebook səhifəmizdə