Ali Baş Komandan: “Azərbaycan Ermənistanla istənilən dildə danışa bilər” TAM MƏTN

“Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək”
Ali Baş Komandan: “Azərbaycan Ermənistanla istənilən dildə danışa bilər” TAM MƏTN

"Ordu quruculuğu dövlət üçün ən başlıca və ən prioritet məsələdir. Hər bir ölkə üçün bu belə olmalıdır. Hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusi ilə müharibə şəraitində yaşayan ölkələr üçün bu daha vacibdir". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş paradda çıxışı zamanı səsləndirib.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ başa çatmayıb: "Müharibənin birinci mərhələsi başa çatıb və bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin. Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Uzun illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir və bu təşkilatlar bununla bağlı öz qərarlarını veriblər. Lakin Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar da nəticə vermir. Belə olan halda ordu quruculuğuna böyük ehtiyac var. Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Əsrlər boyu bizim xalqımız bu torpaqlarda yaşayıb, yaradıb. Bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi diyarımızdır. İkinci erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcək. Biz çalışacağıq ki, məsələ tezliklə həllini tapsın. Məsələnin həlli təbii ki, siyasi yollardan keçir və danışıqlar prosesi hələ də davam edir. Ancaq güclü ordumuz, güclü potensialımız bizim mövqeyimizi möhkəmləndirir. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulub. Bir daha qeyd edirəm ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi qalacaq. Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyri şərtsiz çıxmasını tələb edir. Bizim mövqeyimiz də güclü ordu ilə tamamlanır. Ona görə də ordu quruculuğuna çox böyük diqqət göstərilib. Azərbaycan ordusundakı inkişaf daimi prosesdir. Mən hərbi hissələrdə tez-tez oluram, vəziyyətlə tanış oluram. Görürəm ki, ordumuzun döyüş qabiliyyəti artır, peşəkarlığı artır. Nizami ordumuz var. Bütün cəmiyyətdə olduğu kimi, orduda da vətənpərvərlik ruhu yüksək səviyyədədir. Orduda xidmət edənlərin mütləq əksəriyyəti gənclərdir və mən çox şadam ki Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə alır. Orduda xidmət edənlər öz vətəninə, xalqına bağlı olan, sevən insanlardır. Bütün bu amillər ordumuzu gücləndirir. Son illər ərzində ordunun texniki təchizatı sahəsində də çox böyük inkişafa nail olunub. Son illər ərzində ən müasir texnika, silah-sursat alınıb. Son vaxtlar alınan və Azərbaycan daxilində istehsal olunan texnikanın bir hissəsi bugünkü paradda nümayiş etdiriləcək. Burada texnikanın sadəcə cüzi bir hissəsi göstəriləcək. Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsaitlər xərcləyib. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi. Keçən il bu rəqəm 3,6 milyard idi, bu il isə 3,7 milyard dollara çatıb. Yəni bu öz-özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir, büdcəmizdən ordu quruculuğuna böyük vəsaitlər ayrılır. Bu da təbiidir. Ölkənin son illər ərzində əldə etdiyi silahlar müasir, yüksək dəqiqliyə və çox böyük məhvetmə qabiliyyətinə malik olan silahlardır. Son illərdə 100-ə yaxın döyüş və nəqliyyat helikopteri alınıb. Onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular alınıb. Zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları alınıb. Son 8 il ərzində Azərbaycanda yerli hərbi istehsal inkişaf edib. Onlarla hərbi zavodlarımız var və bu zavodlarda 750 adda məhsul istehsal edilir. Biz bütün növ patronları istehsal edirik. Tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda istehsal olunur. Gələcəkdə yerli istehsalın gücləndirilməsi ilə bağlı böyük planlarımız var. Biz artıq çox güclü hərbi sənayeyə malikik. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir, eyni zamanda bizim ixrac imkanlarımız da artmaqdadır. Bu onu göstərir ki, istənilən vəzifə öz həllini tapa bilər, yetər ki, iradə olsun, düşünülmüş siyasət olsun. Biz həm xaricdən ən müasir hərbi texnika alırıq, eyni zamanda, daxili istehsalı da gücləndirir və gücləndirməliyik. Bu gün Azərbaycan ordusunun hərbi texnikası düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir".

Ali Baş Komandan vurğulayıb ki, növbəti illərdə də Azərbaycanın hərbi xərcləri ümumi büdcədə üstünlük təşkil edəcək: "Müqayisə üçün deyə bilərəm ki, yoxsul Ermənistanın bütün büdcəsi 2 milyard dollara yaxındır. Azərbaycanda təkcə hərbi məqsədlər üçün istifadə olunan vəsait Ermənistanın bütövlükdə bütün xərclərindən təxminən iki dəfə çoxdur. Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər. Biz sadəcə olaraq, bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir, Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq üçün və məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki siyasi yollara üstünlük veririk. Lakin sirr deyil ki, Azərbaycan günü-gündən güclənir, Ermənistan günü-gündən zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcədə artıb. İstənilən istiqamət üzrə düşməni bir neçə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcək. Çünki bizim açıq-aydın gələcəyimiz var, perspektivlərimiz var, inkişaf yolumuz var. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir.Dünyada iqtisadi inkişaf baxımından Azərbaycan kimi son 10 il ərzində inkişaf edən ikinci ölkə yoxdur. Bu amillər bir daha demək istəyirəm tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi hərbi gücümüz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaq".

Ali Baş Komandan hərbiçilərin sosial müdafiəsi məsələləri də uğurla öz həllini tapdığını da çıxışında vurğulayıb: "Dünən Hərbi Hospitalın yeni korpusunun açılışında iştirak etmişəm. İki gün bundan öncə hərbiçilərin maaşları qaldırılıb. Artıq 20 il orduda qüsursuz xidmət etmiş hərbiçilərin məişət problemləri də öz həllini tapmaqdadır. Bu kateqoriyadan olan hərbiçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Artıq 200-ə yaxın mənzil verilib. Bu proses gələcək illərdə daha da geniş vüsət alacaq. Hərbiçilərin məişət, sosial problemləri öz həllini tapmaqdadır. Azərbaycan dövləti ordu quruculuğuna çox böyük əhəmiyyət verir. Bu bizim başlıca vəzifəmizdir və gələcək illərdə bu proses daha da sürətlə gedəcəkdir".

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan dünya miqyasında çox böyük nüfuza malikdir: "Azərbaycan müstəqil dövlət kimi böyük nailiyyətlərə imza atıb. Dünyanın ən mötəbər təşkilatı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq və bu təşkilatda öz mövqeyimizi müdafiə edirik. Azərbaycan nəinki regionda, dünya miqyasında çox etibarlı tərəfdaşa çevrilib və bizim xarici siyasətimizlə bağlı olan bütün təşəbbüslərimiz sülhə, əmin-amanlığa, beynəlxalq əməkdaşlığa istiqamətlənib. Azərbaycanda daxili sabitlik mövcuddur, bu isə inkişaf üçün başlıca amildir. Azərbaycanda xalqla iqtidar arasında birlik var. Bizim bütün təşəbbüslərimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir".

Azərbaycan prezidenti vurğulayıb ki, Azərbaycanda iqtisadi inkişafla bağlı çox böyük işlər aparılır: "Beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir. Dünyada böhranlı illər davam edir. Bu illərdə Azərbaycan, iqtisadiyyatımız inkişaf edir. İqtisadiyyatımızın bütün sahələri inkişaf edir. Bu ilin 5 ayında qeyri-neft sektoru 11% artıb, ümumi iqtisadiyyatın həcmi isə təxminən 5% artıb. Azərbaycanda işsizlik problemi aradan qaldırılır, yoxsulluq problemi aradan qaldırılır, böyük infrastruktur layihələri icra edilir, o cümlədən bütün hərbi şəhərciklər bərpa edilir. Mən vəzifə qoymuşdum ki, növbəti 2 il ərzində Azərbaycanda bir dənə də olsun təmirsiz hərbi hissə, hərbi şəhərcik və hərbi baza olmasın. Müvafiq göstərişlər verilib, vəsait ayrılıb və proses uğurla gedir. Yəni biz bütün istiqamətlər üzrə fəaliyyətimizi uğurla və inamla aparırıq. İnsanların rifah halı yaxşılaşır, ölkənin nüfuzu artır, iqtisadiyyat inkişaf edir, sənaye inkişaf edir və Azərbaycan çox dinamik şəkildə qabağa gedir. Cəmi 20 ildən bir qədər çox müstəqil yaşı olan Azərbaycan sübut edib ki, azad ölkə kimi yaşaya bilər, öz müstəqilliyini qoruya bilər".

Ali Baş Komandan vurğulayıb ki, Azərbaycan hakimiyyətinin güclü siyasi iradəsi, dövlətin güclü iqtisadiyyatı, güclü ordusu var: "Ordu dövlətçiliyi qoruyur, müstəqil siyasətimizi qoruyur. Xalq isə ordunu qoruyur və qorumalıdır. Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan qısa bir müddət ərzində güclü dövlətlərin sırasına daxil olub. Biz indi böyük layihələri icra edirik, böyük investisiyalar yatırırıq. Biz beynəlxalq müstəvidə çox böyük nüfuza malikik. Əlbəttə ki, bu gün Azərbaycan ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır. Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm. Əminəm ki, Azərbaycan qarşıda duran bütün vəzifələri uğurla icra edəcək. Bu gün demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır. Bütün istiqamətlər üzrə inkişaf var, konkret siyasət və gözəl nəticələr var. Əminəm ki, münaqişənin həllində də biz istəyimizə nail olacağıq. Biz tarixi ədaləti bərpa edəcəyik. Öz doğma torpaqlarımıza qayıdacağıq. Bunun başqa yolu yoxdur. Tarixin inkişafı, tarixin gedişatı, dünyada gedən proseslər, güclənən Azərbaycan və zəifləyən, yoxsullaşan Ermənistan. Bütün bunlar reallıqdır və bu reallıqları siyasətimizlə, iradəmizlə biz yaratmışıq. Ermənistanı bundan sonra da bütün beynəlxalq və regional layihələrdən təcrid edə bilərik. Azərbaycanı bundan sonra da gücləndirəcəyik. Güclü dövlətimiz bu münaqişənin həllində öz sözünü deyəcək və Azərbaycan ordusu Ali Baş Komandanın əmrini icra edəcəkdir. Eşq olsun Azərbaycan ordusuna, yaşasın Azərbaycan!".

Bütün xəbərlər Facebook səhifəmizdə