Bayram Səfərov Aİ-nin nümayəndəsi ilə görüşdü

Bayram Səfərov Aİ-nin nümayəndəsi ilə görüşdü

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov və İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov arasında görüş keçirilib. SİA-ya verilən məlumata görə, görüşdə ilk olaraq icma sədri Bayram Səfərov Avropa İttifaqının nümayəndəsinin diqqətinə münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumların hələ də ikili standartları davam etdirdiyini çatdırıb. Bununla yanaşı, Bayram Səfərov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti həll olunmalıdır və biz bu istiqamətdə həm Avropa İttifaqından, həm də digər beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik.

Eyni zamanda Dağlıq Qarabağın azərbaycanlı icmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov qeyd edib ki, Avropa İttifaqının münaqişənin həll olunmasında yaxından fəaliyyət göstərməsi zəruridir: "Münaqişənin həlli üçün, Avropa İttifaqının səyi nəticəsində icmalararası dialoqların təşkil olunması, Avropa İttifaqının bu istiqamətdə mövcud proqram və layihələrində tərəflərin daha aktiv iştirakının təmin olunması vacibdir".

Həmçinin Orxan Əkbərov da bildirib ki, beynəlxalq qurumlar ikili standartlara son qoymalı, münaqişənin konstruktiv həll olunması və 1 milyon məcburi köçkünün öz doğma torpaqlarına qayıtması zəruridir.

Filip Lefort da öz növbəsində Bakıda olmaqdan və Dağlıq Qarabağın azərbaycanlı icması ilə növbəti görüşün təşkil olunmasından çox böyük məmnunluq hissi duyduğunu bildirib: "Biz hər zaman qeyd edirik ki, Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı üçün çox vacib məsələdir və qurum Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Azərbaycan da daxil olmaqla, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır".

Həmçinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi qeyd edib ki, Aİ münaqişənin tez bir zamanda sülh yolu ilə həllini tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə