Elman Nəsirli: “İnsanlar həmişə yenilik arzusunda olublar” AÇIQLAMA

Elman Nəsirli: “İnsanlar həmişə yenilik arzusunda olublar” AÇIQLAMA

"Bu, sanki Amerika Birləşmiş Ştatlarında (ABŞ) yazılmamış qanundur. Belə ki, hər hansı bir partiyanın nümayəndəsi iki dəfə seçkilərdə qalib gəlsə, artıq üçüncü dəfə həmin partiyanın namizədinin qalib gəlmək şansı sıfıra enir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli CNN telekanalının keçirdiyi sosioloji rəy sorğusunun nəticələrinə görə, ABŞ prezidenti Barak Obamanın insanlar arasında nüfuzunun aşağı düşməsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Avropada hələ də maliyyə iqtisadi böhranı hökm sürür: "Belə olan təqdirdə insanların Obamaya ikinci dəfə şans vermələrinə baxmayaraq, ABŞ-da iqtisadi, sosialyönümlü problemlər öz həllini tapmayıb. İnsanlar həmişə yenilik arzusunda olublar. Onlar ümid edirlər ki, növbəti dəfə başqa partiyanın nümayəndəsi, bu hakimiyyətin buraxdığı səhvləri düzəldə bilər. Mən düşünmürəm ki, xarici siyasətə görə Obamanın nüfuzu aşağı düşüb. Bu, başlıca olaraq Obamanın ABŞ-a ikinci dəfə prezident seçilərkən verdiyi vədlərin (iqtisadiyyatın dirçədilməsi, işsizliyin ləğvi) söz xatirinə deyilməsi ilə bağlıdır".

Qeyd edək ki, CNN telekanalı keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, amerikalıların 45 faizi Barak Obamanın işini təqdir edir. Bu isə son 19 ay ərzində ən aşağı göstərici sayılır. Respondentlərin 54 faizi Obamaya inanmadığını söyləyib. Sorğunun digər iştirakçıları isə cavab verməkdə çətinlik çəkiblər.

CNN-də verilən məlumata görə, Obamaya olan inamın tükənməsinə son günlər ərzində xüsusi xidmət orqanlarının ABŞ vətəndaşlarını izləməsi faktları ətrafında yaranmış vəziyyət təsir edib.

Bütün xəbərlər Facebook səhifəmizdə