"Avropa Parlamentinin qəbul etdiyi qətnamə demokratik prinsiplərə ziddir"
"Avropa Parlamentində "Azərbaycan: İlqar Məmmədov məsələsi" adlı qətnamənin qəbul olunması Avropada, eləcə də bu qurumda bəzi dairələrin Azərbaycana qarşı qərəzli mövqeyinin nümayişidir. Ona görə də, belə addımları qəbulolunmaz hesab edirik". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, ümumiyyətlə, Qərbin bəzi dairələri Azərbaycana təzyiq göstərmək məqsədilə məqam axtarırlar. Kiçik bir məsələlərdən istifadə edib dünyaya yaymaq üçün çalışmaların olduğunu deyən N.Məmmədovun sözlərinə görə, burada məqsəd Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərməkdir: "Əslində belə mövqe Azərbaycanın bu ölkələrlə əməkdaşlığına yardım etmir. Avropa Parlamentində "Azərbaycan: İlqar Məmmədov məsələsi" adlı qətnamənin ortaya çıxması məhz ölkəmizə qarşı qərəzli yanaşmanın göstəricisidir. Belə bir addımın özü demokratik prinsiplərə tamamilə ziddir. Çünki 754 deputatı olan Avropa Parlamentində 5-6 nəfər şəxsi maraqlar müstəvisindən çıxış edərək bu cür layihə irəli sürüblər. Müzakirələr zamanı isə 10-15 nəfərin səs verdiyi qətnamənin Avropa Parlamentinin sənədi kimi qəbul olunması tam mənada demokratik prinsplərə ziddir. Biz də o deputatlara deyirik ki, siz kimsiniz ki, Azərbaycana göstəriş verəsiniz, bizimlə amiranə tonla danışasınız? Biz belə addımları heç vaxt qəbul edə bilmərik. Bu, Azərbaycanla Avropa İttifaqı, ayrı-ayrı Avropa ölkələri ilə yüksək səviyyəli əməkdaşlığa xələl gətirir, mane olur. Azərbaycan artıq elə dövlətdir ki, onunla yuxarıdan aşağıya baxıb danışmağa ehtiyac yoxdur. Bizə ikinci Kreml lazım deyil. Əgər Avropa Parlamenti ədalətlidirsə Ermənistanın hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə dinc insanların hüquqlarını müdafiə edən sənədlər qəbul etsin. Təəssüf ki, biz bunu görmürük. Bunun əvəzində isə İ.Məmmədov haqqında sənəd qəbul edirlər. Biz bilirik ki, İ.Məmmədov həmin dairələrin kadrıdır, ona görə də, belə bir addım atıblar. Amma Azərbaycana bu cür addımlarla təzyiq göstərmək mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB