15 İyun "Milli Qurtuluş Günü"nün 20-ci ildönümü qeyd edildi YENİLƏNİB

15 İyun "Milli Qurtuluş Günü"nün 20-ci ildönümü qeyd edildi YENİLƏNİB

Bu gün "Four Seasons Hotel"də 15 İyun "Milli Qurtuluş Günü"nün 20-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, partiyanın icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov və Bahar Muradova, millət vəkilləri, ziyalılar və s. iştirak edib.

Azərbycan xalqını, YAP-ın 600 minlik üzvünü 15 İyun "Milli Qurtuluş Günü"nün 20-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edən YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov deyib ki, bu tarix Azərbaycan xalqı üçün çox əlamətdar günlərdən biridir: "Azərbaycanın müasir tarixi Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdış Azərbaycanı xaosdan, anaraxiyadan, özbaşınalıqdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın, bir sözlə yüksəlişin bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunmasından tutmuş, iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər Ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir. Ötən 20 il ərzində Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz yüksək inkişaf edib, Yeni Azərbaycanın qurulmasına nail olunub və 2003-cü ildən bu yana isə prezident İlham Əliyevin rəhbərliyi altında eyni proseslərin həyata keçirilib".

YAP-ın Sədr müavini Əli Əhmədov qeyd edib ki, dahi şəxsiyyətin tarixi qayıdışının nəticəsi məhz bugünkü dünyanın ən dinamik iqtisadiyyatına malik, müasirləşən, yeniləşən, dünyada mövqeləri günü-gündən güclənən, möhkəmlənən və öz haqqını tələb edən Azərbycandır: "Bu gün Azərbaycan vətəndaşları gələcəyə inamla baxır. Məhz bu inamın uğurlu nəticəsidir ki, ölkəmizin mütləq əksəriyyəti dövlət başçısı İlham Əliyevin növbəti beş il üçün də prezident kimi namizədliyini dəstəkləyir".

YAP İdarə Heydətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova isə bildirib ki, 20 il bundan əvvəl Azərbaycanın ictimai-siyasi durumu həddən artıq gərgin, vətəndaşlar, siyasi qurumlar arasındakı ziddiyyətlər, insanların sabaha inamsızlığı, Azərbaycanın rayonlarının bir-birinin ardınca işğala məruz qalması, ölkə daxilindəki separatizmin mövcudluğu vardı. Çünki Azərbaycanın elan olunan müstəqilliyi yalnız kağız üzərində qalmışdı və bu müstəqilliyi təmin edəcək hansısa ciddi addımlar atılmamışdı: "Belə bir vaxtda Azərbaycanın düşdüyü durumdan çıxarmaq üçün yollar aranırdı. Azərbaycanın düşünən beyinləri vəziyyətdən çıxış yolu arayaraq istiqaməti düzgün müəyyənləşdirdilər. İnsanlar Ümimmilli liderə ümid çırağı kimi baxırdılar və onun Azərbaycana qayıdışını təmin etmək istəyirdilər. Heydər Əliyev Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq üçün ölkədə hakimiyyətə gəldi və Azərbaycan xalqının çox əsrlik müstəqillik arzusunu həyata keçirdi".

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov 1990-cı ilin əvvəllərində ölkədəki ictimai-siyasi vəziyyət, Heydər Əliyevin Naxçıvan Ali Məclisinin rəhbərliyinə gətirilməsi haqda danışıb: "1990-cı ildə məlum səbəblərə görə Ulu Öndər Heydər Əliyev Moskvadan öz Vətəninə - Azərbaycana, sonra isə Naxçıvana qayıtdı, əhali öz xilaskarını çox yüksək səviyyədə qarşıladı. 1990-cı ilin payızında Azərbaycanın Ali Sovetinə və Naxçıvanın MR Ali Sovetinə keçirilən seçkilərdə ulu öndər hər iki seçkili orqana üzv seçildi. İlk sessiyaya ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi. İlk dəfə Naxçıvanda 1990-cı ilin 17 noyabrında Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını, dövlətçiliyimizin ən mühüm atributlarından birini qaldırdı. Sonrakı sessiyalarda bir çox qərarlar qəbul olundu. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin apardığı düşünülmüş siyasət idi. Ancaq o zaman hakimiyyətdə olan qüvvələr bu dahi insanın yürütdüyü siyasəti anlamırdılar. O dövrdə Naxçıvan Ali Məclisinə deputat seçilən şəxslər Ulu Öndər Heydər Əliyevi müdafiə edirdilər. Bizim hər birimiz Ümummilli Liderin alternativinin olmadığını bilirdik. Məhrumiyyətlərə baxmayaraq, hakimiyyətin maneələrinə, təzyiqlərinə baxmayaraq Ulu Öndərimiz xalqa verdiyi sözü, ölkəni düşdüyü bəlalardan qorumaq missiyasını həyata keçirməyi bacardı. Bir daha sübuta yetirildi ki, xalqa arxalanmaq, dəstəyini xalqdan almaq böyük uğurların açarıdır".

Mərasimə bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə