"Ermənilər Dağlıq Qarabağda narkotik ticarətini genişləndirib" MÜNASİBƏT

Fazil Mustafa: "Bu barədə beynəlxalq ictimaiyyət xəbər tutmalıdır"
"Ermənilər Dağlıq Qarabağda narkotik ticarətini genişləndirib" MÜNASİBƏT

"Bu erməni təəssübkeşliyi ilə bağlı məsələdir. Guya beynəlxalq təşkilatlar narkotik maddələrin başqa ölkələrə keçirilməsi ilə bağlı mübarizə aparır. Lakin konkret dövlətlə bağlı məsələ olduqda, onlar bu missiyanı unudurlar". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycanın işğal olunan ərazilərdən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə digər ölkələrə daşınması və "ağ ölüm"ün yayılmasına qarşı dünya ictimaiyyətinin göz yummasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bilavasitə təsir dairəsində olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində narkotik ticarətin genişləndiyindən beynəlxalq ictimaiyyət xəbər tutmalıdır. Onlar görsünlər ki, nəzarətsiz ərazilərimizdə yetişdirilən narkotik bitkiləri son olaraq onların yaxınlarını, doğmalarını zəhərləyir. Biz bu məsələləri daim gündəmə gətirməli və dünyaya qəbul etdirməliyik ki, nəzarətsiz zonalarda belə hadisələrin baş verməsi artıq adi hal alıb: "Buna görə də Dağlıq Qarabağdan daşınan narkotik vasitələrin daşınmasl barədə məlumatları beynəlxalq təşkilatların, iri dövlətlərin, Minsk qrupuna daxil olan həmsədr ölkələrin rəhbərlərinin diqqətinə çatdırmalıyıq. Narkotik qaçaqmalçılığının Azərbaycanın işğal olunmuş ərazilərindən daşınmasına çox ciddi yanaşmalı və qarşısının alınması istiqamətində təbliğatı yüksək səviyyədə həyata keçirməliyik. Dünya ictimaiyyətini iİnandırmalıyıq ki, doğurdan da Dağlıq Qarabağda narkotik maddələrin yetişdirilməsi, tranziti məsələlərinə birdəfəlik son qoyulmalıdır".

Qeyd edək ki, son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılan həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə