“Uşaqlara qarşı zorakılığa yox deyək!”

“Uşaqlara qarşı zorakılığa yox deyək!”

Bu gün Milli Məclisdə AŞPA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda uşaq zorakılığına qarşı mübarizə ətrafında müzakirələr olub. SİA-nın məlumatına görə, konfransda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, eyni zamanda AŞPA-da "Uşaqlara qarşı zorakılığa yox deyək!" proqramının koordinatoru Sevinc Fətəliyeva bildirib ki, bu tədbir uşaqlara qarşı zorakılıqla mübarizə proqramı çərçivəsində 3-cü konfransdır.

O qeyd edib ki, Azərbaycanda uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində önəmli işlər görülür və ölkədə uşaq zorakılığı ilə mübarizə yüksək sosial status əldə edib.

S. Fətəliyeva həmçinin vurğulayıb ki, uşaq zorakılığının yaranmasının əsas səbəbi uğursuz ailələrin sosial vəziyyətidir və bu səbəbdən maarifləndirmə işləri daha da genişləndirilməlidir.

Konfransda çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi, onlara qoyulan kapital gələcəyin təməli deməkdir: " Azərbaycan dövləti də bunu yaxşı anlayaraq uşaq hüquqlarının təminatı məsələsinə xüsusi əhəmiyyət verir. Uşaq əməyinin istismarı, uşaqlara qarşı zorakılıq bizi çox narahat edir və bu sahədə Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, qanunverici bazanı təkmilləşdirib".

Azərbaycan müharibəyə cəlb olunmuş bir ölkədir və milyondan artıq insan qaçqın və köçkün problemi ilə üz-üzə qalıb, - deyən, Bahar Muradova eyni zamanda əlavə edib ki, bu da uşaqların rifahına olduqca mənfi təsir göstərir.

Konfransda AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero isə çıxışında AŞPA-nın 2013-cü ilin aprel ayında keçirilmiş sessiyasında uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi məsələsinin qaldırıldığını bildirib. O, "Hər beş uşaqdan biri" kampaniyasının gedişatı haqqında məlumat verib.

Bone Peronun sözlərinə görə, Avropa Şurası üzv ölkələri birgə çalışmalıdırlar ki, insan hüquqları sahəsində yüksək göstəricilərə nail ola bilsinlər: "Uşaqlar cəmiyyətin zəif təbəqəsidir və böyük hüquqların pozulması hallarına məruz qalırlar. Uşaqlar özlərini müdafiə edə bilmirlər, çünki onlar yaxınları tərəfindən zorakılığa məruz qalırlar".

Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bildirib ki, Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində mübarizə tədbirlərinin artırılmasına ehtiyac var və bu çox vacibdir. H. Rəcəbli xüsusilə bu məsələdə internetin, xüsusilə sosial şəbəkələrin mənfi rol oynadığını qeyd edib: "Ona görə də uşaqlar arasında internetə, sosial şəbəkələrdən istifadəyə müəyyən məhdudlaşdırmalar, qadağalar qoyulmalıdır. Bu o demək deyil ki, Azərbaycanda internetə daxil olma məhdudlaşdırılır, sadəcə uşaqlarla bağlı təhlükəli məqamlar bu addımın atılmasını zəruri edir".

Moldova parlamentinin deputatı, AŞPA Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin Xüsusi Alt Komitəsinin sədri Valeriu Qiletçi isə öz növbəsində bildirib ki, müxtəlif cinsi zorakılıq məsələsində məlumatlılığın artırılması, ən yüksək hüquq standartlarının təminatı əsas məsələdir. O Bakıda keçirilən iclas çərçivəsində bu məsələlərin geniş şəkildə müzakirə ediləcəyini vurğulayıb.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə