Bahar Muradova: “Azərbaycan prezidentinin məhz İlham Əliyev olacağına böyük inamımız var” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradovanın SƏS TV-yə müsahibəsi:
- Bahar xanım, müxalifətin böyük səbirsizliklə yaradılmasını gözlədiyi "Milli Şura" hələ də tam olaraq formalaşmayıb. Siz necə düşünürsünüz, belə qənaətə gəlmək olarmı ki, bu qurumun yaradılmaması radikal düşərgənin səriştəsizliyindən, imkansızlığından və xalqa bağlı olmamasından irəli gəlir?
- Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, "Milli Şura ideyası Azərbaycanın öz daxili ictimai-siyasi münasibətlərindən doğan deyil, əksinə kənardan gəlmə bir ideyadır. Bu mənada hər kənardan gələn ideyadan "xilas çubuğu" kimi yararlanmağa çalışan müxalifət düşərgəsinin müəyyən qanadı, bu ideyadan da öz məqsədləri üçün istifadə etməyə çalışaraq "Milli Şura" adlı qurumun yaradılması işinə ciddi-cəhdlə qoşuldular. "Milli Şura" adlı qurumun elan olunması vaxtından artıq xeyli müddət keçib, amma məqsədə çatmaq mümkün olmayıb. Hesab edirəm ki, bütün bunlara qeyri-adi baxmaq lazım deyil. Çünki Azərbaycan müxalifətinin durumu, qarşısına qoyduğu məqsəd və hədəflərinə çatmaq istiqamətindəki fəaliyyəti çox acınacaqlıdır və bu, müxalifətin gündəlik rastlaşdığı adi hallardandır. "Milli Şura" ideyası bəyan ediləndən dərhal sonra da həm müxalifətin imkanlarına və iş prinsipinə bələd olan, həm də Azərbaycana kənardan gəlmə və dəstəklənən ideyaların ölkənin ictimai-siyasi mühitində özünə yer tapmadığını çox yaxşı bilən insanlar belə bir qurumun alınmayacağını, alınacaqsa da təsirsiz bir quruma çevriləcəyini demişdilər. Proqnozlar özünü doğruldur. Baxmayaraq ki çox böyük iddialarla bu qurum bəyan olundu, amma konkret olaraq ortada heç nə yoxdur. Hələlik siyahılar üzərində gərgin mübahisələr gedir. Hətta belə bir qeyri-müəyyən vaxtda kimlərin daha çox şanslı olacağı və kimin qurumdan nə vaxt çıxıb-çıxmayacağı ilə bağlı fikirlər daha öndə gedir. Ona görə də qurumun bu günü, gələcəyi və Azərbaycanın ictimai-siyasi mühitinə hansısa ciddi təsir göstərəcəyi ilə bağlı iddiaların heç bir əsası yoxdur.
- Hər zaman Azərbaycanda insan hüquqlarının pozulduğunu, demokratiyanın boğulduğunu bəyan edən Almaniyada son zamanlar etirazçılara qarşı polisin zorakı davranışının şahidi olduq. Niyə Almaniya kimi dövlətlər "öz gözlərində tiri görmür, amma başqasının gözündə çöp axtarırlar"?
- Faktdır ki, özünü demokratiyanın beşiyi hesab edən ölkələrdə bəyan olunan İnsan hüquq və azadlıqları, sərbəst toplaşmaq hüquqlarının reallaşması, mətbuat və ictimai fikir plüralizmi real həyatdakı mənzərə ilə tam fərqlidir. Son zamanlar bir sıra ölkələr, o cümlədən Almaniya dünyada bir arbitr rolunu öz üzərinə götürməyə cəhd edir. Almaniya kimi ölkələr digər dövlətlərin tarixini, mədəniyyətini, bugünkü siyasi sistemini, demokratiya və söz azadlığı sahəsindəki təcrübəsini nəzərə almadan öz maraqlarına uyğun şəkildə hadisələrə qiymət verməyə çalışır. Bu ölkələrdə özlərinin qarşı çıxdığı hadisələr baş verəndə parodoksal vəziyyət yaranır. Digər Avropa ölkələrində də bu hadisələr baş verir. Öz fikrini azad şəkildə ifadə etmək, sərbəst toplaşmaq hüququnu reallaşdırmaq istəyən şəxslərə qarşı cəza üsulları, bu və digər hüquqa zidd hərəkətlərin qarşısının alınması üçün istifadə edilən mexanizmlər Avropa ölkələrinin özündə icad olunub. Azərbaycan da həmin mexanizmləri Avropadan gətirib. Onlardan necə istifadə etməyin yollarını isə bizə mütəxəssislər bizə öyrədib. Ona görə də bu kimi halları digər ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edənlərin özündə belə hadisələr baş verəndə müxtəlif suallar doğurur. Təəccüb və təəssüf edirəm ki, Almaniya kimi ölkədə də belə hallar baş verir. Ən əsası isə odur ki, baş verənlərə reaksiyalar onlar tərəfindən nəzər alınmır. BMT Almaniyada baş verənlərdə faşizm ideyalarının getdikcə artmasına və hökumətin hər hansı bir tədbir görmədiyinə dair tənqidlər səsləndirib. Azərbaycan da BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi ədalət, beynəlxalq hüququn prinsipləri və təhlükəsizlik məsələlərini daim gündəmdə saxlayacağını bəyan edib.
- Türkiyənin "Gezi" parkında ağacların kəsilməsinə qarşı insanların etiraz aksiyaları hələ də davam edir. Sizcə bu etiraz aksiyalarının təşkilində hansı dairələr maraqlıdır?
- Bilirsiniz, Türkiyə bizə qardaş ölkədir və biz orada baş verən hadisələrə biganə, laqeyd yanaşa bilmərik. Burada cəmiyyəti sarsıdan, insanların həyatına, sağlamlığına, onların hüquqlarının reallaşmasına təsir göstərən amillər bizi narahat edir. Təbii ki, biz bunlara ürək ağrısı ilə yanaşırıq. Türkiyədə baş verən hadisələrə müşahidəçi qismində belə yanaşa bilmərik. Düşünürəm ki, proses davam edir və onu bütövlükdə tam qiymətləndirmək mümkün deyil. Taksimdə iki-üç ağacın yerinin dəyişdirilməsi ilə başlanan hərəkətin sonradan tamamilə başqa məcraya istiqamətlənməsində bu və ya digər narazı və maraqlı qüvvələrin rolu vardır. Bir ağacın kəsilməsinə etiraz edənlər yüzlərlə ağacı məhv etməyə qadir olan hərəkətlər edirlər. Beləcə, insanların sağlamlığına, əmlakına zərər verirlər. Əlbəttə, arzuolunan odur ki, müvafiq mühafizə orqanları güc tətbiq edərkən və insanları hüquqa, asayişin qorunmasına çağırışlar edərkən adekvat tədbirlər görsünlər. İnanıram ki, Türkiyə hökuməti və müvafiq dairələri bu istiqamətdə öz vəzifələrini bilirlər.
- Bahar xanım, artıq Ermənistan tərəfi Azərbaycan ordusunun güclənməsindən və işğalçıya qarşı hər an lazımi cavab verəcəyi ehtimalından narahat olmağa başlayıb. Ermənilərin öz ölkələrini tərk etməsi halları belə açıq-aşkar özünü göstərməkdədir. Sizcə, Sarkisyan rejimi bundan sonra hansı addımlar atacaq?
- Son vaxtlar ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə intensiv səfərləri, eləcə də Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlərlə və ayrı-ayrı ölkələrin yüksək rəsmiləri, xarici işlər nazirləri ilə keçirdiyi görüşlər var. Bu görüşlərin hər birində status-kvonun heç kimi qane etmədiyi ilə bağlı fikirlər səsləndirilir. Hazırda keçirilən bu görüşlərin, səfərlərin nəticəsi olaraq, ortalıqda belə bir ideya var ki, prezidentlər arasında yüksək səviyyədə görüşlər təşkil olunsun. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-ın paytaxtı Vaşinqtona səfəri və keçirdiyi görüşlərin nəticəsi olaraq prezidentlərin görüşünün reallaşmasına inam getikcə artmaqdadır. Amma bu görüşün nə dərəcədə alınacağı və alınacaqsa, bu prosesləri necə irəliyə aparacağı ilə bağlı qabaqcadan fikir söyləmək düzgün olmazdı. Əsas odur ki, tərəflər də status-kvonun bu qədər uzun müddətə davam etməyəcəyini dərk edir və bilirlər. Ermənistan tərəfinin mövqeyinə gəlincə, onlar istəyirlər ki, danışıqlar sadəcə olaraq danışıqlar naminə aparılsın. Bir sözlə, bu danışıqlar "ölü nöqtə"dən tərpənməsin. Hər kəsə də məlumdur ki, Azərbaycan torpaqlarının işğal faktoru vardır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fikirlərində də açıq şəkildə bildirilib ki, Azərbaycan torpaqlarının işğalı, Ermənistanın isə iqtisadi blokadası davam edir. Yəni, işğalçı ölkənin iqtisadi çöküşü gedir ki, bu da Ermənistan vətəndaşlarının ümidsizliyə qapılmasına, problemlərinin kəskinləşməsinə və sonda da ölkəni tərk etməsinə gətirib çıxarır. Ermənistan hökuməti nə bunun qarşısını almağa, nə də münaqişənin həllində konstruktiv mövqe sərgiləməyə qadir deyil. Odur ki, işğalçı ölkə çox ağır vəziyyətdədir. Həmin ərazilərdə vəd olunan "cənnət həyatı"nı erməni millətinə yaşatmaq belə mümkün deyil. Azərbaycanın gündən-günə inkişafı, dünyada öz rolunu və mövqeyini möhkənləndirməsi, əldə etdiyi nailiyyətlər müqabilində Ermənistanın tənəzzülü, xüsusilə də Dağlıq Qarabağ və ətraf rayonların getdikcə daha artıq "xarabazara" çevrilməsi insanları düşündürməyə vadar edir. Bu mənada hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycandan ehtiyatlanmaqda və narahatçılıq duymaqda düz edir. Çünki, Azərbaycanın imkanları, hərbi qüdrətinin getdikcə artması və Dağlıq Qarabağ məsələsi, ölkəmizin ərazi bütövlüyü, dövlət suverenliyinin həlli istiqamətindəki qətiyyətli mövqeyi onlar üçün belə bir günün ehtimallığını reallığa çevirir. Bu mənada həmin ehtimalın reallığa çevrilməməsi və Ermənistanın daha ağır vəziyyətə düşməməsi üçün danışıqlar prosesində konstruktiv mövqeyə gəlinməlidir.
- Artıq oktyabr ayında keçiriləcək prezident seçkilərinə az müddət qalıb. İyunun 7-də Yeni Azərbaycan Partiyası (YAP) V qurultayında ölkə başçısı İlham Əliyevin namizədliyi irəli sürüləcək. Ümumiyyətlə, ölkədə prezident seçkilərinə hazırlığı necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, istənilən seçkilərin, o cümlədən prezident seçkilərinin qanunla müəyyən olunmuş ilkin hazırlıq dövrü olur. Bu dövr bütün parametrlərə, qanunların müəyyən etdiyi müddəalara uyğun aparılır. Mən bunu YAP-ın timsalında söyləyirəm. Bütövlükdə yanaşdıqda isə, ölkədə seçki ab-havası hökm sürür. Həm müxalifət düşərgəsi, həm də hakim partiya, onun namizədi və bu namizədin siyasətini dəstəkləyən geniş dairə, ölkənin mütləq əksəriyyəti bu seçkilərə yüksək səviyyədə hazırlaşır və bütün resurslarını səfərbər edərək, maksimum qələbəyə yönəlmiş fəaliyyət sərgiləyir. Əlbəttə, YAP, onun ideya-siyasi platforması, bu günə qədərki fəaliyyəti, Azərbaycan dövləti, dövlətçiliyi üçün əldə etdiyi nailiyyətlər bizə imkan verir ki, möhkəm baza üzərində növbəti beş il üçün də ölkəmizi Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inkişafını təmin edəcək siyasi qüvvəyə yenidən etimad göstərilsin. Beləcə, seçicilərin mütləq əksəriyyətinin səsini alaraq növbəti beş ildə də İlham Əliyevin prezidentliyi qazanılsın, o cümlədən YAP-ın iqtidar partiyası statusu bir daha təsdiq edilsin. Təbii ki, buna bizim bütün imkanlarımız, xalqın mütləq əksəriyyətinin etimadı və inamı vardır. Hakim partiyanın oktyabr ayında keçiriləcək prezident seçkilərində də qalibiyyət qazanacağına və növbəti beş il üçün də Azərbaycan prezidentinin məhz İlham Əliyev olacağına böyük inamımız var. Biz bu inamla da YAP-ın V qurultayına gedirik. Hesab edirəm ki, Azərbaycanın son 20 il ərzində əldə etdiyi bütün təcrübələr içərisində seçki təcrübəsinin formalaşmasında hakim partiyanın çox böyük əziyyəti, zəhməti və əməyi vardır. Məhz buna görə də bu missiya yenə də bizim üzərimizdədir. Mən bütün YAP-ın üzvlərini V qurultayın keçirilməsinə və verilən düzgün qərarın qəbuluna görə təbrik edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB