Aydın Mirzəzadə: "Ermənistanın Rusiya ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur"
"Rusiyanın Ermənistanın bir çox infrastruktur sahələrini əlində saxlaması və bununla da onu özündən asılı hala salması bu gün Ermənistanın ağır problemlərlə üzləşməsinə gətirib çıxarıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə ermənilərin İrəvandakı Rusiya səfirliyi qarşısında mavi yanacağın qiymətinin bahalaşmasına qarşı keçirdiyi etiraz aksiyasına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistanda qazın qiymətinin qaldırılması ilə bağlı hazırda çox böyük narahatlıq yaşanır: "Ermənistan cəmiyyəti rəhbərliyinin apardığı yanlış siyasətin əsiri olduğunun fərqinə varıb. Hesab edirəm ki, Ermənistan cəmiyyətinin böyük bir hissəsi bu problemin varlığı ilə razılaşır".
Aydın Mirzəzadə Ermənistanın Rusiyanı Azərbaycanla müttəfiqlikdə ittiham etməsi məsələsinə də münasibət bildirib: "Ermənistan istəyir ki, Rusiya onun "sağ əli"nə çevrilsin. Bu ölkənin məqsədi, Rusiyanın mövcud məsələlərə Ermənistanın "gözü" ilə baxmasıdır. Rusiyanın neytral mövqe tutmaq cəhdi Ermənistanda böyük etirazla qarşılanır. Buna görə də, Azərbaycan işğala son qoymaq üçün bütün variantlardan istifadə etməyə, o cümlədən Rusiyadan silah almağa məcburdur. Yaddan çıxarmaq lazım deyil ki, Ermənistanın həm iqtisadi, həm də hərbi strukturunun yaşaması Rusiyanın ona olan münasibətindən asılıdır. Vaxtaşırı Rusiyanın Ermənistana əvəzsiz və ya ucuz qiymətə göstərdiyi silah yardımı da buna misaldır. Lakin Ermənistanın ayrı-ayrı təbəqələrinin səsləndirdiyi fikirlərdən asılı olmayaraq, Rusiyanın öz siyasəti var. Ermənistanın Rusiyanın bu siyasətilə razılaşmaqdan başqa çıxış yolu yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB