Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ Dövlət katibi Con Kerri ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı C. Kerri Azərbaycanın ABŞ-ın önəmli tərəfdaşı olduğunu vurğulayaraq, ölkəmizin Əfqanıstanda NATO-nun Beynəlxalq Sülhə Dəstək Qüvvələrinə (İSAF) yardımını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynadığını qeyd edib. C. Kerri Ermənistan-Azərbaycan münaqişəsinin regionun sabitliyinə təhdid olduğunu bildirərək, ABŞ-ın Minsk Qrupunun həmsədr ölkəsi qismində tərəflərə münaqişənin həllini tapmağa kömək etməyə davam edəcəyini qeyd edib, ABŞ-ın bu münaqişənin həllində çox maraqlı olduğunu vurğulayıb.
Öz növbəsində, E. Məmmədyarov Azərbaycanın ABŞ-la ikitərəfli əlaqələrə önəm verdiyini, iqtisadi, investisiya və enerji sahələrində, habelə beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminlik bildirib. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə danışan nazir "status-kvo"nun dəyişməli olduğunu qeyd edib, danışıqlarda irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının gərəkdiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB