Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) illik hesabat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, digər dövlət rəsmiləri və eyni zamanda ATGTİ-nin üzvü olan 84 ali və orta ixtisas təhsil müəsisələrinin tələbə gənclər təşkilatının seçilmiş nümayəndələrindən ibarət 1400-dən çox tələbə iştirak edib.
Tədbiri giriş sözü ilə açan ATGTİ sədri Şahin İsmayilov konfransın gündəliyi və digər məsələlər barədə məlumat verib: "Konfransın gündəliyinə ATGTİ-nin illik hesabatı, ATGTİ-yə yeni üzvlərin qəbul olunması və mövzular ətrafında müzakirələrin aparılması məsələləri daxil edilib. Eyni zamanda 10 ildə dövlət gənclər siyasəti və bu siyasətin reallaşdırılmasında tələbə gənclər təşkilatlarının töhvəsi, ATGTİ-nin bu siyasətə töhvəsi, son 10 ildə Azərbaycanda gedən ictimai-siyasi proseslər və gənclərin bu proseslərə münasibəti və s. mövzular da müzakirələr sırasındadır". Bununla yanaşı, Şahin İsmayilov ATGTİ-nin son bir ildəki fəaliyyəti, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələr haqqında məlumat verib.
Daha sonra ATGTİ-yə üzv olan gənclər təşkilatlarının nümayəndələri çıxış edərək fəaliyyətləri haqqında məlumat veriblər.
Şahin İsmayilov yekun çıxışında ATGTİ-nin ətrafında olan bütün təşkilatlarla birgə dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin davamında ATGTİ-nin İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanatı qəbul olunub.
Bəyanatda deyilir:
"Azərbaycan Respublikasında fəaliyyət göstərən 83 dövlət və özəl ali və orta ixtisas təhsili müsəssisələrinin 100 minə yaxın tələbəsini özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının hər bir üzvü cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın öz inkişafı ilə dünya arenasında böyük nüfuz sahibinə çevrilməsi, vətənimizin bir sıra qlobal əhəmiyyətli qurumlarda təmsil olunması, yüksək kürsülərdə söz sahibi olmasından fəxr duyur. Cənab prezidentin hakimiyyəti illərində ölkəmizdə həyata keçirilən iqtisadi-sosial layihələr, regionların uğurlu inkişaf proqramı, xalqımızın sosial rifah halının yaxşılaşdırılması, xarici ölkələrlə çoxşaxəli iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin dinamik inkişafı hər birimizdə böyük ruh yüksəkliyi yaradıb.
Bu gün Avrasiya məkanında reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələrində, habelə regional sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmiz həlledici rol oynayır. Belə bir şəraitdə Azərbaycana idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı, prinsipial və qətiyyətli siyasətçinin rəhbərlik etməsi çox mühüm məsələdir.
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə müxtəlif sferalarda, istər mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində gənclərə, gənc nəslə yaratdığı şərait və verdiyi dəstək bütün Azərbaycan gəncliyinə böyük stimul olub və məhz bu səbəbdəndir ki, vətənimiz bir sıra qalibiyyətlərin nəticəsi olaraq, beynəlxalq müsabiqə, festival və konfranslara ev sahibliyi edib. Sadəcə Eurovision mahnı müsabiqəsinin Bakıda kreçirilməsi və Azərbaycanın 2015 Avropa Olimpiadasına ev sahibliyini etməsi buna əyani sübutdur. Qafqaz regionunun iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edən Azərbaycan Respublikasının iqtisadi və demoqrafik göstəriciləri bu gün Gürcüstan və Ermənistanın müvafiq göstəricilərini üstələyir. Vətənimiz Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olaraq dünyada mövqelərini dəfələrlə möhkəmlədə bilmiş, tarixi həqiqətlərimizi dünyaya çatdırmağa, ermənilərin uydurma yalanlarını ifşa etməyə nail olmuşdur. Məhz bu səbəbdəndir ki, son illər bir çöx dövlətlər, o cümlədən ABŞ-ın bir sıra ştatları Xocalı Qarabağ həqiqətlərini rəsmi şəkildə tanıyıb.
Hər bir müstəqil dövlətin dünya birliyində özünə layiq yer tutmasını təmin edən amillər içərisində onun silahlı qüvvələrinin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Təsadüfi deyil ki, ali baş komandan İlham Əliyev bu strateji sahəyə çox böyük önəm verir. Bunun nəticəsidir ki, müasir Azərbaycanın keyfiyyətcə yeni mərhələyə yüksəlmiş, güclü, istənilən döyüş tapşırığını yerinə yetirməyə qabil olan ordusu vardır.
Bütün bunları nəzərə alan Azərbaycan gəncliyi olaraq dövlət başçısının apardığı daxili və xarici siyasəti alqışlayır, ölkəmizin bu günü və gələcəyi naminə aparılan siyasətin davam etdirilməsini zəruri hesab edir, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan edirik. Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də uğurlu inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini möhkəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq"
Tədbirdə çıxış edən millət vəkili Fəttah Heydərov bildirib ki, "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İlham Əliyevin namizədliyini dəstəkləməsini yüksək dəyərləndirir: "Azərbaycanda gənclər çox haqlı olaraq prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirlər. İlham Əliyevin apardığı siyasət əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu bir siyasətdir və öz bəhrəsini müsbət nəticələrlə verir. Bugünkü gənclər xoşbəxtdir ki, Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşayırlar. Bundan əvvəl Ulu öndər Heydər Əliyevsiz cəmiyyətdə biz minlərlə gənclərimizi müharibədə, xaosda itirdik. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi və ömrünün son 10 ilini sərf edərək müstəqil, xoşbəxt Azərbaycan dövlətini qurdu. Bu gün də gənclər Heydər Əliyevin layiqli davamçısının namizədliyini dəstəkləməklə öz xoşbəxt gələcəkləri üçün düzgün seçim etdilər".
Çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışıb: "Biz dünya okeanında Azərbaycan adlı bir gəminin sərnişinləriyik. Bu gün bu sərnişinə xidmət edən, onun təhlükəsizliyinin qayğısına qalan və s. insanlar var - bunu da biz həyata keçiririk. Amma Azərbaycan gəncliyi sabah bu gəminin ayrı-ayrı sahələrdə idarəçiliyini ələ almağa hazır olmalıdır. Azərbaycan dövlətinin yürütdüyü siyasətin mahiyyəti də ondan ibarətdir ki, sabah Azərbaycan dövləti qeyri-peşəkar, milli hisslərdən uzaq insanların əlində olmasın. Yetkin, peşəkar və milli qeyrətli insanlar yetişdirə bilək. Bu gün auditoriyalarda gəncləri hazırlayan şəxslərin çoxu birinci hakimiyyəti dövründə Ulu öndər Heydər Əliyevin hazırladığı kadrlardır. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişindən sonra - 1994-cü ildə o ağır günlərdə Ermənistanla atəşkəsə nail olmasaydı, indi Azərbaycan adlı dövlət olmazdı. Ümummilli lider atəşkəsə nail oldu və ondan sonra da atdığı ilk addım Gənclər Nazirliyinin yaradılması oldu. Çünki gəncliyi diqqətə alınmayan dövlətin gələcəyi ola bilməz. Heydər Əliyev məhz bu məntiqdən çıxış edərək Azərbaycan gəncliyinin inkişafını dövlətin müharibədən zaman qazanmasına bərabər tutdu. Azərbaycan dövlətinin gənclər siyasəti, gənclərə hərtərəfli diqqət və qayğı imkanlı, bacarıqlı, sağlam düşüncəli, avanqarda çevrilmiş gəncliyin, tələbə auditoriyasının formalaşmasına gətirib çıxardı. Baxın, 1992-ci ildə Azərbaycan tələbələrinin vəziyyəti necə idi, onlar hansı şəraitdə, necə fəaliyyət göstərirdilər? Hər tələbə qrupu dövlətə, dövlətçiliyə qarşı siyasət yürüdən partiyaların dayağına çevrilmişdi. Azərbaycan ordusu əvəzinə ayrı-ayrı partiyaların silahlı dəstələri formalaşmışdı. Ona görə də bu gün sizin - tələbə-gənclərin bu reallıqları dərk edərək Heydər Əliyevin gənclər siyasətinin davam etdirilməsinə, prezident İlham Əliyevin siyasi kursuna dəstəyiniz sözün həqiqi mənasında alqışa layiqdir".
Çıxışında Administrasiya rəsmisi vurğulayıb ki, Azərbaycan müxalifəti milli maraqlardan, millilikdən uzaqlaşıb: "Azərbaycan sözün həqiqi mənasında həm regionun, həm də dünyanın ciddi amilinə çevrilib. Artıq dünya ölkələri Azərbaycan və onun maraqları ilə hesablaşırlar. Azərbaycansız regionda heç bir layihə həyata keçirilmir. Bu gün prezident İlham Əliyev Azərbaycan dövlətinin ali maraqlarının ifadəçisidir. Dövlət başçısının Azərbaycanın milli maraqlarının qorunması sahəsində nümayiş etdirdiyi müstəqil siyasət çoxlarının xoşuna gəlmir. Buna görə də Azərbaycana qarşı müəyyən bloklar qurmağa çalışırlar. Azərbaycan iqtidarının xalqın qarşısında öhdəliyi, ölkə başçısı İlham Əliyevin isə xalq qarşısında andı var. Azərbaycan prezidenti dövlətin müstəqilliyinin, xalqın təhlükəsizliyinin qarantıdır. Azərbaycan hakimiyyəti milli maraqlardan və hisslərdən kənarda qala bilməz. Biz hər xırda məsələdə belə Azərbaycan xalqının mənafeyini, rəyini nəzərə alırıq. Ola bilsin, bəzən bu qərarlar, müxtəlif məsələlərə dair mövqeyimiz bəzi qonşu dövlətlərin, yaxud beynəlxalq güclərin xoşuna gəlmir. Çünki biz milli maraqlara zidd, kimlərinsə mənafelərinə uyğun danışa bilmərik. İndiki hakimiyyət milli hakimiyyətdir. Azərbaycan müxalifəti milli maraqlardan, millilikdən uzaqlaşıb. 20 ildir ki, müxalifət Azərbaycan dövlətinə və dövlətçiliyinə müxalifətçilik etmək istəyir. Müxalifət öz məqsədlərinə nail olmaq, hakimiyyətə gəlmək üçün istənilən blokla əməkdaşlığa getməyə hazırdır. Təki onların hakimiyyət ehtirasları təmin olunsun. Azərbaycan dövlətinə qarşı beynəlxalq aləmdən gələn təzyiqlərə müxalifət dəstək verir. Bugünkü müxalifət mediasında "Azərbaycan hakimiyyəti küncə sıxışdırılıb" başlıqlı məqalə yer alıb. Yazıda qeyd olunur ki, guya müəyyən qüvvələr Azərbaycan hakimiyyətinə təzyiq etməklə hansısa bir bloka cəlb etməyə çalışır. Müxalifət hakimiyyətə gəlmək üçün Azərbaycan prezidentinin milli iradəsini dəstəkləmək əvəzinə, hər şeyin üzərindən keçməyə hazırdır. Hazır olduğuna görə 20 ildir onlar müxalifətdədir. Bu gün öz maraqlarını xalqın, seçicilərin maraqları üzərində qurmadıqlarına görə, Azərbaycan müxalifəti xaricdən özünə dayaq axtarır. 1993-cü ilin iyun ayının 3-də onların üç ali rəhbərlərindən biri bəyan etmişdi ki, "Biz Azərbaycan hakimiyyətində elə oturmuşuq ki, bütün xalq bizim üzərimizə gəlsə, hakimiyyətdən getməyəcəyik". Amma, bu bəyanatdan bir həftə sonra Azərbaycan xalqı onlara öz yerini göstərdi. Hələ də bunlara dərs olmayıb ki, xalqa, onun iradəsinə söykənməyən heç bir siyasət və siyasətçi müvəffəqiyyət qazana bilməz. Xalqa söykənməyin nümunəsi İlham Əliyevdir. Xalqa söykənməyin nümunəsi və xalqın maraqlarını ifadə edən partiya Yeni Azərbaycan Partiyasıdır. Bu gün həmin partiyaların heç biri nə danışıqlarının, nə hərəkətlərinin, nə də siyasətlərinin məsuliyyətini daşımırlar. Yalnız populist şəkildə növbəti seçkilərdə uğur qazanmaq istəyirlər. Prezident İlham Əliyev seçkiqabağı kampaniya aparmayacaq. Ona görə ki, İlham Əliyev seçkinin deyil, bu nəslin gələcəyini düşünür. Seçkinin gələcəyini Azərbaycan xalqı müəyyən edəcək. İlham Əliyevin düşüncəsi millətimizin gələcəyidir".
Qeyd edək ki, konfrans eyni zamanda birbaşa video görüntü vasitəsi ilə Bakı, Gəncə, Lənkəran və Naxçıvan şəhərlərində də keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB