YAP Gəncə şəhər təşkilatının şura iclası keçirilib

YAP Gəncə şəhər təşkilatının şura iclası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının şura iclası keçirilib. Bölgə müxbirinin SİA-ya verdiyi məlumata görə, YAP şəhər təşkilatının sədri İsrafil İsmayılov hesabat məruzəsi ilə çıxış edərək ulu öndər Heydər Əliyev tərəfindən yaradılan bu siyasi təşkilatlın indiyədək qazandığı uğurlardan danışıb: "Bu uğurlar nəticəsində əldə olunmuş iqtisadi inkişaf tempi prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə daha da sürətlənib".

Hesabat məruzəsində bildirilib ki, hazırda partiyanın şəhər təşkilatında 246 ərazi ilk partiya təşkilatı birləşir. 2013-cü ilin beş ayı ərzində partiya sıralarına daha min üzv daxil olub. Onların arasında gənclər üstünlük təşkil edir. Hazırda YAP Gəncə şəhər təşkilatının 26 min 419 üzvü vardır. Onlardan 16 min 215-i qadınlar, 14 min 685-i gənclərdir.

İclasda qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı tədbirlər müəyyənləşdirilib.

Sonra Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, YAP Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və başqaları çıxış edərək Azərbaycanın bu günkü inkişafında Yeni Azərbaycan Partiyasının rolundan danışıblar. Şura iclasında Yeni Azərbaycan Partiyasının V Qurultayına nümayəndələr seçilib, Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə