Parlamentin yaz sessiyasının sonuncu iclası YENİLƏNİB

Parlamentin yaz sessiyasının sonuncu iclası YENİLƏNİB

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. SİA-nın məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 23 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır:

1. F.S.Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

2. "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4. "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında" Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

5. "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında" Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

11. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

12. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

15. "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.

16. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

17. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

20. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

22. Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

Gündəliyə salınan ilk məsələ Fərhad Abdullayevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi olub. 103 səs leyhinə olmaqla səsvermə nəticəsində o, yenidən Konstitusiya Məhkəməsinin hakimi təyin edilib. Təqdimat layihəsini deputatlara MM sədri Oqtay Əsədov təqdim edib. Çıxış edən F. Abdullayev, yenidən bu vəzifəyə seçilməsi üçün səs verən deputatlara öz təşəkkürünü bildirib, Milli Məclis qarşısında təntənəli surətdə and içib.

Qeyd edək ki, F.Abdullayev 25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilib. 26 gündən sonra bu təyinatın 10 ili tamam olacaq.

"Dünyada ən az büdcə kəsiri olan ölkələrdən biri də məhz Azərbaycandır"

Gündəliyin ikinci müzakirə edilən məsələsi "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi olub. Layihə barədə parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Z.Səmədzadə bildirib ki, Maliyyə Nazirliyi və Hesablama Palatası büdcənin icrası ilə bağlı hesablama aparıblar: "Gəlirlər 23 maddədən ibarətdir və 4 maddə üzrə kəsir var. Bu da 3,5 mln. manat kəsir deməkdir. Ancaq başqa sahələrdən daxilolmalar həmin kəsiri örtüb. Büdcə xərclərinin icrası ilk dəfə 98% səviyyəsində olub. Nəzərdə tutulan proqramların həyata keçirilməsi bütövlükdə əhalinin gəlirlərinin artmasını şərtləndirib. Neft gəlirləri kifayət qədərdir. Kənd təsərrüfatında davamlı iqtisadi inkişafı təmin etmək üçün vəsaitlərin ayrılması davam etdirilib. Borclanma ilə bağlı Azərbaycan dövlətinin heç bir dövlət qarşısında problemi yaranmayıb və 2012-ci ildə Azərbaycan bu parametrə görə MDB məkanında və dünyada öndə gedən ölkələrdən biri olub. Dünyada ən az büdcə kəsri olan ölkələrdən biri də məhz Azərbaycandır. Bu günlərdə bir mötəbər tədbirdə amerikalı ekspertlər də bunu xüsusi qeyd ediblər".

Z.Səmədzadə nağdsız hesablaşmalar sahəsində hələ də problemlərin olduğunu da vurğulayıb: "Ümumilikdə, İqtisadi siyasət Komitəsinin üzvləri hesab edirlər ki, 2012-ci ilin büdcəsi Azərbaycanın gələcək inkişafı üçün güclü bazanın yaranmasına öz töhfəsini verib".

Daha sonra maliyyə naziri Samir Şərifov büdcənin icrası barədə məlumat verib.

2012-ci il büdcəsinin icrası haqqında qanun qəbul edildi

Parlamentin iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, 2012-ci ildə makroiqtisadi dayanıqlılıq qorunaraq saxlanılıb, əhalinin gəlirləri artıb, qeyri-neft sektorunun, regionların inkişafına vəsait qoyuluşu davam edib, nəzərdə tutulan bütün proqramlar maliyyələşdirilib.

Onun sözlərinə görə, 2012-ci ildə istehsal edilən Ümumi Daxili Məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 2, 2 faiz artaraq 54 mlrd. manata çatıb: "İqtisadiyyatın qeyri- neft sektorunda əlavə dəyərin 9,7 % artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 48,8 %-dən 52,7 %-dək yüksəlib. Müvafiq olaraq ÜDM-in 47,3 %-i neft-qaz istehsalı və email sahələrinin payına düşməklə, əvvəlki ilə nisbətən 5 % azalıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,2 %-nə bərabər olub. 2012-ci ilin yekunlarına görə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 13,2 % artaraq 34,7 mlrd. manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 3784, 3 manat olub, hər nəfərə düşən gəlirlər 12,2 % artaraq istehlak qiymətlərinin bahalaşmasını 11, 1 % üstələyib. Keçən il ölkə üzrə orta aylıq əmək haqqı 396 manat təşkil edib kİ, bu da əvvəlki illə müqayisədə 8,7 % çoxdur".

"Son 10 ildə ölkə üzrə ixrac nominal ifadədə 9,2 dəfə, idxal isə 3,7 dəfə artıb. 2012-ci ildə elm xərcləri üzrə icra 116,7 mln. Manat olub ki, bu da 2011-ci illə müqayisədə 10,6 mln. manat çoxdur. Təhsil sahəsi üzrə icla 1453, 2 mln. manat olub ki, bu da 2011-ci illə müqayisədə 184, 7 mln. manat çoxdur. Mədəniyyət, incəsənət, informasiya və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə icra nəzərdə tutulan 254,8 mln. manat proqnoza qarşı 240,8 mln. manat olub ki, ki, bu da 2011-ci illə müqayisədə 51 mln. manat çoxdur. Səhiyyə xərcləri üzrə icra 609, 4 mln. Manat olub ki, bu da 2011-ci illə müqayisədə 116 mln. manat çoxdur. İcmal büdcəsinin gəlirləri 22,3 milyard manat təşkil edib",- deyə maliyyə naziri fikirlərinə əlavə edib.

Nazir onu da qeyd edib ki, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi ilə dövlət başçısının imzaladığı fərmana uyğun olaraq Bakı, Naxçıvan və Xırdalan şəhərlərində 2012-ci ilin 4 ayında 187 mənzil alınıb: "2012-ci ildə müdafiə xərclərinə 2 milyard 899 milyon manat yönəldilib. Naxçıvanda investisiya xərclərinin maliyyələşdirilməsinə 130 milyon manat ayrılıb. Dövlət Neft Fondundan daxil olan vəsaitlərdən qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 300 milyon manat xərclənib".

Samir Şərifov aqrar sektora diqqətin davam etdirildiyini vurğulayıb: "Bu məqsədlə dövlət büdcəsindən 112 milyon manat sərf edilib. Regionların sosial-iqtisadi inkişafı nəticəsində büdcəyə 530 milyon vəsait daxil olub. Keçən il büdcə 634 milyon manat kəsirlə təsdiqlənib. Ancaq faktiki büdcə kəsiri 135 milyon manat təşkil edib. Bu ilin yanvar ayına olan məlumata əsasən, büdcə xəzinəsində 465 milyon manat var. Xahiş edirəm, həmin vəsaitdən builki büdcə xərclərini ödəmək üçün istifadə edək".

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

3 beynəlxalq müqavilə təsdiqlənib

Plenar iclasda Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında 3 müxtəlif müqavilənin təsdiqlənməsi məsələsinə baxılıb. Həmin məsələlər bunlardır: "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Müqavilənin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında" Müqavilənin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında" Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihələri. Hər 3 layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Azərbaycanda keçmiş Prezident və həyat yoldaşına xüsusi imtiyazlar verildi

Milli Məclisin yaz sessiyasının son plenar iclasında Azərbaycanın keçmiş Prezidenti və həyat yoldaşına bir sıra xüsusi imtiyazlar, o cümlədən xüsusi diplomatik status verilməsi məsələsi müzakirəyə çıxarılıb. Bununla bağlı "İcra haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Əmək pensiyaları haqqında", "Milli arxiv fondu haqqında", Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Sosial müavinətlər haqqında" qanunda əlavə və dəyişikliklər edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "İcra haqqında" qanunun 68-ci maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanın keçmiş Prezidenti və onun həyat yoldaşına ayrılmış pensiyaya, sosial müavinətə qarşı mülki tələb yönəldilə bilməz. Yəni, məhkəmələr onların pensiyalarına, onlar üçün ayrılan sosial müavinətlərə qarşı hər hansı borc tələbi, vurulan ziyanın ödənilməsi ilə bağlı tələb və s. bu kimi tələbləri yönəldə bilməyəcəklər.

Azərbaycanın keçmiş Prezidenti hazırda qanunvericilikdə edilən son dəyişiklikdən sonra hazırkı Prezident məvacibinin yarısı qədər - 7500 manat pensiya alır.

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun 6-cı maddəsinin beşinci hissəsinə edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikası Prezidentinə verildiyi kimi, keçmiş prezidentə və onun həyat yoldaşına da ömürlük diplomatik pasport veriləcək, bununla onlar da xüsusi diplomatik statusa malik olacaqlar. Buna görə dövlət rüsumu da tutulmayacaq.

Heyvanlara işgəncə verənlərə qarşı cərimələr sərtləşdirildi

Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr dəfələrlə artırıldı. Milli Məclisin yaz sessiyasının son plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimələr 500 manatadək artırılıb. Əvvəl bu cərimələr 20-45 manat miqdarında idi.

Digər dəyişikliyə görə, yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə görə isə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər 200 manat miqdarında cərimə nəzərdə tutur (əvvəl 5-20 manat idi).

Bu cərimələr, həmçinin ev heyvanlarının xairici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların, yəni qulaqlarının kəsilməsi, səsin azaldılması (devokalizasiya), dırnaq və dişlərinin çıxarılmasına görə də tətbiq olunacaq.

Məcəlləyə dəyişiklik qüvvəyə mindikdən sonra ev heyvanlarını saxlayan şəxslər həmin heyvanlara müvafiq qayğıların göstərilməməsinə görə də 200 manat cərimələnəcəklər.

Ev heyvanlarının saxlanılması qaydalarını pozanlara bəd xəbər!

Ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə inzibati cəzalar sərtləşdirilir və yeni cəzalar müəyyənləşdirilib. Məsələ Milli Məclisdə (MM) müzakirə olunub, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik edilib. Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Belə ki, dəyişikliklə baytarlıq xidməti ilə razılaşdırmadan ev heyvanları yarışlarının keçirilməsinə; it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyən etdiyi saydan artıq saxlanılmasına; ev heyvanlarının baytarlıq uçotuna alınmadan saxlanılmasına, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə; ev heyvanlarının insanların üzərinə saldırılmasına; yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsdədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə; qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsliməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına; ev heyvanını saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməsinə görə – 200 manat miqdarında cərimə nəzərdə tutulur.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, hazırki qanunvericiliyə əsasən, şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

Qeysəriyyə əməliyyatını qanunsuz edənlər cəzalandırılacaq

Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılmasına görə inzibati cəza müəyyənləşdirilir. İnzibati Xətalar Məcəlləsinə müvafiq maddə əlavə edilməsi məsələsi Milli Məclisin (MM) bugünkü plenar iclasında müzakirə olunub.

Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib. Belə ki, əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manatadək, hüquqi şəxslər isə 10 min manatdan 15 min manatadək cərimə ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Azərbaycanda ünvan reysetri ilə bağlı yenilik tətbiq olunacaq

Azərbaycanda ünvan reysetri ilə bağlı yenilik tətbiq olunacaq. Milli Məclisin yaz sessiyasının son plenar iclasında bununla bağlı Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır.

Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq, torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

Müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını üç gün müddətində məlumatlandırırlar.

Parlamentin yaz sessiyası başa çatdı

Parlamentin yaz sessiyasının sonuncu iclası başa çatdı. Spiker Oqtay Əsədov sessiyanın başa çatdığını elan edib. Sessiyanın işinə dövlət himninin oxunması ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə