28 May-Respublika Günü Şəmkirdə qeyd olunub FOTO

28 May-Respublika Günü Şəmkirdə qeyd olunub FOTO

28 May-Respublika Günü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Mərkəzləşdirilmiş Kitabxana sistemi Şəmkir rayon şöbəsinin birgə təşkilatçılığı ilə geniş tədbir keçirilib. SİA-ya verilən məlumata görə, tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə, Mədəniyyət və Humanitar məsələlər üzrə müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Qüdrət Əliyev, Mərkəzləşdirilmiş Kitabxana sistemi Şəmkir rayon şöbəsinin direktoru Sahibə Əmiraslanova, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Fəxri Yusibov, Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin işçiləri, orta məktəb şagirdləri, uşaq bağçasının körpələri iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxana sistemi Şəmkir rayon şöbəsinin direktoru Sahibə Əmiraslanova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar barədə geniş məruzə ilə çıxış edib. O, 28 May gününün Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil olduğunu bildirib: " 95 il bundan əvvəl, 1918-ci il mayın 28-də Azərbaycan xalqının tarixində çox əlamətdar bir hadisə baş verib. Məhz həmin gün İstiqlal bəyannaməsi qəbul olunub, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilib".

Çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə, Mədəniyyət və Humanitar məsələlər üzrə müavini YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, artıq 21 ildir ki, xalqımız müstəqil və azad şəraitdə ilk demokratik dövlətin yaranması gününü böyük təntənə və iftixar hissi ilə qeyd edir: "Əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddət, cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olub".

F.Vəliyev 1991-ci ildə yenidən öz dövlət müstəqilliyinə qovuşan Azərbaycanın daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib, müstəqil Respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar barədə danışıb.

Sonra çıxış edən Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Qüdrət Əliyev qeyd edib ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı: "Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı. Dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür".

Sonda Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Fəxri Yusibov, Tarix və Diyarşünaslıq muzeyinin direktoru Cavanşir Pirverdiyev və başqaları çıxışlarında qeyd ediblər ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

Daha sonra rayon məktəblilərinin, musiqiçilərinin çıxışı ilə tədbir davam etdirilib.

Yekunda bir qrup oxuculara məktəblilərə və uşaq bağçasının körpələrinə YAP Şəmkir rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə