28 May-Respublika Günü Əl-Küveytdə qeyd olunub FOTO

28 May-Respublika Günü Əl-Küveytdə qeyd olunub FOTO

28 May – Respublika Günü münasibətilə Əl-Küveyt şəhərində səfirliyimiz tərəfindən rəsmi qəbul keçirilib. SİA-ya verilən məlumata görə, tədbirdə həmyerlilərimizin "Vətənsevər" cəmiyyətinin üzvləri, diplomatik korpusun nümayəndələri, əcnəbi və yerli qonaqlar, Küveyt Dövlətinin bir sıra rəsmi şəxsləri, o cümlədən Küveyt Dövlətinin təhsil naziri Nayif Fələh Əl-Hacraf və hakim ailənin üzvləri iştirak ediblər.

Tədbirin sonunda səfir Tural Rzayev və cənab Nayif Fələh Əl-Hacraf jurnalistlər üçün mətbuat konfransı keçiriblər. Azərbaycanla Küveyt arasındakı əlaqələrin inkişafından söz açan T.Rzayev bildirib ki, iki dost ölkə arasında əlaqələr həm siyasi, həm də digər bütün sahələrdə çox yüksək səviyyədə inkişaf etməkdədir. O, həmçinin cənab Əl-Hacrafa ölkəsinin Azərbaycana göstərdiyi qayğı və dəstəyə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqeyə, eləcə də beynəlxalq təşkilatlardakı səsvermələr zamanı Azərbaycan tərəfinin haqlı mövqeyini dəstəklədiyinə görə, başda Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah olmaqla Küveyt Dövlətinə və xalqına dərin minnətdarlığını bildirib.

Cənab Əl-Hacraf da öz növbəsində Küveyt - Azərbaycan əlaqələrindən bəhs edərək bu əlaqələrin inkişafında hər iki dövlət başçısının mühüm rol oynadığını xüsusilə vurğulayıb. O, Küveytin bundan sonra da bütün məsələlərdə, o cümlədən Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyini, daima ölkəmizin yanında olacaqlarını qeyd edib.

Qeyd edək ki, tədbir Küveyt mətbuatında da geniş işıqlandırılıb. Belə ki, çoxtirajlı və geniş oxucu kütləsinə malik ərəbdilli "Əl-Ray", "Əl-Qabas", "Əl-Vasat", "Əl-Nahar", "Əl-Ənbə", "Əl-Siyəsə" və ingilis dilli "The Times" kimi qəzetlərdə tədbirlə bağlı məqalə və fotoşəkillər dərc olunub, KTV-1 və Əl-Kut televiziyaları reportajlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə