Yeni Azərbaycan Partiyasının Sədr müavini gənclərlə görüşüb FOTO

Yeni Azərbaycan Partiyasının Sədr müavini gənclərlə görüşüb FOTO

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ( YAP GB) və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi ilə birgə reallaşdırdığı layihə çərçivəsində "Gənclərin dövlətin ictimai- siyasi həyatında rolu" mövzusunda növbəti seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda ilk olaraq mühazirəçi qismində Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov çıxış edib.

Onun sözlərinə görə, YAP GB keçirdiyi bütün tədbirlərdə gənclərin ictimai- siyasi həyatda fəaliyyətinin stimullaşdırılmasına, onların bu işlərə daha da həvəsləndirilməsinə böyük önəm verir: "Belə məqamlarda gənclərə doğru, düzgün yol göstərmək, onları daha yaxından təmsilçiliyə dəvət etmək əsas məqsəd kimi qarşıya qoyulub. Ölkəmizdə aparılan gənclər siyasəti, bu siyasətdə əsas prioritetlər, həyata keçirilən dövlət proqramlarında nəzərdə tutulan gələcək işlər haqqında geniş məlumatlar veriləcək bu seminar gənclərimiz üçün faydalı olacaq".

Sədr müavini onu da qeyd edib ki, Azərbaycanda ləyaqətli və ölkəmizin ictimai- siyasi həyatında yaxından iştirak etmək istəyini açıq şəkildə etiraf edən gənclik formalaşıb: "Azərbaycanın dövlətçilik və siyasi sisteminin ayrı- ayrı istiqamətlərində gənclərimiz fəallıq nümayiş etdirir. Partiyamız gənclərin ictimai- siyasi fəallığının artırılması ilə bağlı bir çox layihələr həyata keçirir. Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər Azərbaycan gəncliyinin fəal təbəqəsini təşkil edir".

Seminarda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev isə deyib ki, bugünkü gənclik ölkənin ictimai-siyasi həyatına kifayət qədər təsiretmə imkanına malikdir. Onun sözlərinə görə, Azərbaycan gəncləri üçün hər cür şərait yaradılıb: "Məhz Ulu Öndər Heydər Əliyev gənclərlə bağlı böyük siyasət yürütdü və bu siyasətin çərçivəsində onun tərəfindən gənclərlə bağlı nazirlik yaradıldı. Heydər Əliyev daim gənclərin yüksək vəzifələrdə yer tutmasına şərait yaradıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Nazir müavini Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda gəncləri daha fəal olmağa çağırıb.

Daha sonra seminar mövzu ətrafında diskussiyalarla davam edib.

Məlumat üçün bildirək ki, bugünkü seminarda YAP icra katibinin müavini Mübariz Qurbanlı, YAP GB-nin sədri Seymur Orucov və başqa gənclər təşkilatlarının rəhbərləri iştirak edib.

Qeyd edək ki, tədbirdə ölkəmizin 27 rayonundan, Bakı və Sumqayıt şəhərlərindən 300-ə yaxın gənc iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə