ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 23-24-də Azərbaycan və Ermənistana səfərlərinə dair birgə bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün səylərini davam etdirmək məqsədi ilə regionda səfərdə olan həmsədrlər mayın 23-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, mayın 24-də isə Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşüblər.
Görüşlərdə həmsədrlər prezidentlərlə son görüşlərindən bəri gedən inkişafı müzakirə edib, sülh prosesinə sadiq olduqlarını bir daha diqqətə çatdırıb və bu il ərzində zirvə toplantısının keçirilməsi barədə fikir mübadiləsi aparıblar.
Bəyanatın sonunda qeyd olunur ki, həmsədrlər prosesi hərəkətə gətirə biləcək ideyaları araşdırmağa hazır olduqlarını ifadə edib, tərəflər arasında gərginliyi artıran və danışıqlar prosesinə zərbə vuran hərəkət və ya ritorikadan çəkinməyin vacibliyini vurğulayıblar.
Həmsədrlər münaqişənin nizamlanması üçün qarşılıqlı məqbul sayılan yanaşmalar barəsində fikir mübadiləsi aparmaq məqsədi ilə yaxın həftələrdə hər iki ölkənin xarici işlər nazirləri ilə görüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB