Mayın 21-də Odessada Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) III Ümumukrayna forumu öz işini uğurla başa çatdırıb. İkigünlük forumda 15 ölkədən, o cümlədən Azərbaycan, Ukrayna, Avropa dövlətlərindən 400 nümayəndə iştirak edib.
Forumun ikinci iş günü Odessanın "Bristol" mehmanxanasının konfrans salonunda Azərbaycanın və Ukraynanın gənclər təşkilatlarının görüşü ilə açılıb. "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev və layihələrin rəhbəri Arzu Bəbirova, Ukrayna Gənclər Forumu başçısının müavini Anatoli Polovinets, Azərbaycan Könüllülər İctimai Birliyinin rəhbəri İmaməddin Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Məhəmmədəli Xudaverdiyev, UAGB sədrinin müavini İlhamə Allahverdiyeva, Ümumukrayna Gənclər Assambleyasının başçısı Yana Şıxəliyeva təqdimatlarla çıxış ediblər.
Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş üçüncü iclas keçirilib. İclasda Milli Məclisin deputatı Ceyhun Osmanlı, ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli, Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Nemət Nağdəliyev və ASAİF-in baş katibi Vüsal Qurbanov çıxış ediblər.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərovun moderatoru olduğu iclasda münaqişənin tarixi, danışıqlar prosesinin cari vəziyyəti və perspektivlər müzakirə edilib. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyət prinsipləri və onun işində gənclərin rolu da müzakirə olunub. İclas iştirakçıları Azərbaycan və Ukrayna gənclərinin mövzuya dair çoxsaylı suallarını cavablandırıblar.
Tədbirin sonunda UAGB-nin sədri Anar Tahirov Azərbaycanda növbəti prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında forum iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmiş bəyanatın mətnini oxuyub.
Sürəkli alqışlarla qarşılanmış sənəddə Azərbaycanın son on ildə əldə etdiyi uğurlar, ölkəmizin həyata keçirdiyi regional layihələr xüsusi vurğulanıb. Bəyanatda deyilir: "Biz - Şərqi Avropa və Ukraynada təhsil alan 350-dən çox azərbaycanlı gəncin qatıldığı forum iştirakçıları dövlətimizin başçısının yürütdüyü daxili və xarici siyasəti alqışlayır, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcəyimizi bəyan edirik. Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də böyük inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini möhkəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaqdır".
Bununla da UAGB-nin III Ümumukrayna forumu bağlı elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB