Şahin İsmayılov: “Milli Şuranın yaranması ideyası “ölü doğulmuş uşağ”a bənzəyir” MÜNASİBƏT

Şahin İsmayılov: “Milli Şuranın yaranması ideyası “ölü doğulmuş uşağ”a bənzəyir” MÜNASİBƏT

"Milli Şuranın yaradılması ideyasının özü baş tutmayacaq. Çünki Milli Şuranın tərkibində təmsil olunan qurumların və partiyaların öz mənafeləri var". Bunu SİA-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov müxalifət tərəfindən mayın sonlarında yaradılması planlaşdırılan Milli Şura məsələsinə münasibət bildirərkən söyləyib.

Ş.İsmayılovun sözlərinə görə, bu insanlar üzdə bir görünməyə çalışsalar da, ayrı-ayrılıqda hərəsi bir mənsəbə qulluq edirlər və öz mənafelərindən vaz keçməyənlərdir: "Həmin insanlar daim öz şəxsi maraqlarını milli maraqlardan üstün tutublar. Milli Şuranın yaranması ideyası "ölü doğulmuş uşağ"a bənzəyir. Çünki vahid namizəd məsələsində bir fikrə gəlməyə bu insanlar və yaxud qurumlar, partiyalar axı hansı Milli Şuradan söhbət aça bilərlər? Bu il prezident seçkiləri ili olduğundan müxalifət də sadəcə olaraq bu ərəfədə ürək bulandırmağı, mənasız-mənasız fikirləri ilə gəncləri öz ətraflarında birləşdirməyə çalışırlar. Azərbaycan xalqı artıq öz seçimini edib. Hesab edirəm ki, bundan sonrakı seçkilərdə də ölkə ictimaiyyəti öz mövqeyini ortaya qoyacaq".

Müxalifətin bu ayın sonlarında növbəti dəfə qanunsuz olaraq planlaşdırdığı aksiyaya gəlincə deyə bilərəm ki, müxalifət gənclərin qüvvəsindən istifadə etməklə qazanc əldə etməyə və bununla da xarici havadarlarına yaxşı görünməyə çalışırlar: "Düşünmürəm ki, həmin aksiyada onların utopik fikirlər səsləndirməsinə öz yaxınlarından başqa bir kimsə qoşulsun. Buna görə də mən gəncləri bu kimi qanunsuz aksiyalarda iştirakdan çəkinməyə çağırıram. Hesab edirəm ki, mübarizənin özü belə düzgün aparılmalıdır və onun da öz qayda-qanunları vardır".

Bütün xəbərlər Facebook səhifəmizdə