Musa Quliyev: “Rüstəm İbrahimbəyov əlini necə ağır daşın altına qoyduğunun fərqində deyil”

Azərbaycanda fəaliyyətinə görə hörmət edilən bir insanın belə tragikomediya aktyoru obrazında olması ilk olaraq özünün faciəsidir
Musa Quliyev: “Rüstəm İbrahimbəyov əlini necə ağır daşın altına qoyduğunun fərqində deyil”

"Rüstəm İbrahimbəyov vaxtı ilə rejissorluq edərək kinolar çəkib. Ssenarilər yazıb. Çəkdiyi kinolarda müəyyən uğurlu aktyorlar da tapıb. Təəssüf olsun ki, bu gün özü aktyor rolundadır". Bunu SİA-ya millət vəkili Musa Quliyev R.İbrahimbəyovun "Milli Şura" yaratmaq ideyasına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, R.İbrahimbəyov ssenarilərinin kimlər tərəfindən yazılmasının o qədər də fərqində deyil: "R.İbrahimbəyov bu yaşında dərk etməlidir ki, vaxtı ilə Azərbaycanda fəaliyyətinə görə hörmət edilən bir insanın belə tragikomediya aktyoru obrazında olması ilk olaraq özünün faciəsidir. Onun 70 yaşında siyasətə gələrək nəyəsə nail olması Siyasi mətbəxdən xəbəri olan hər bir kəsdə gülüş doğurur. Bu mənada onun yaratdığı "Ziyalılar Formu", "Milli Şura" öz beşiyindəcə məhvə məhkumdur. Əvvəla, bu kimi fəaliyyətlərin siyasi dəstəyi yoxdur. Yəni ümumxalq dəstəyinə sahib deyil. Eyni zamanda belə fəaliyyətə ehtiyacı olan eloktrat da yoxdur. Digər tərəfdən, R.İbrahimbəyov siyasi mübarizə adamı olmadığına görə, əlini necə ağır daşın altına qoyduğunun fərqində deyil. Bu mənada onun elan etdiyi, "Milli Şura" və "Ziyalılar Formu" fiaskoya uğrayacaq. Onun "Milli Şura"da görmək istədiyi adamların heç biri bir-biri ilə uyğun insanlar deyil. Onlar daxilən, mənəviyyat və düşüncə tərzinə görə fərqlidirlər. Azərbaycan radikal müxalifətinin uğursuzluğunun bir səbəbini də məhz bu məsələdə axtarmaq lazımdır. Oradakı insanların hər biri özünü lider görür və onların iddiaları imkanlarından daha böyükdür. Nə qədər ki həmin insanlar siyasi arenadan çəkilməyiblər, Azərbaycan müxalifətindən uğurlu fəaliyyət gözləməyə dəyməz".

Bütün xəbərlər Facebook səhifəmizdə