“Milli Şura yaranan kimi sabun köpüyü kimi də yoxa çıxacaq” AÇIQLAMA

Mübariz Qurbanlı: "YAP olaraq istənilən siyasi qurumlarla seçkilərdə mübarizə aparmağa hazırıq"
“Milli Şura yaranan kimi sabun köpüyü kimi də yoxa çıxacaq” AÇIQLAMA

"Müxalifət istər bunun adını Milli Şura qoysun, istər milli birlik qoysun, istərsə də demokratik konqres qoysun, bu Yeni Azərbaycan Partiyasını (YAP) heç də narahat etmir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı radikal müxalifət tərəfindən hələ də Milli Şuranın yaradılmaması ilə bağlı məsələlərə aydınlıq gətirərkən deyib.

YAP icra katibi müavinin sözlərinə görə, müxalifətin ayrı-ayrı qrupları vaxtilə müxtəlif dəbdəbəli adlar altında birləşməyə cəhdlər ediblər: "Milli Şura adlı qurumun yaradılması Azərbaycan cəmiyyətinə, ictimai-siyasi prosesə heç bir təsir göstərməyəcək. Gəlin görək, həmin Milli Şura deyilən qurumda kimlər təmsil olunmaq istəyir? Bir zamanlar həmin şurada təmsil olunmaq istəyən Eldar Namazov öz ətrafına bir qrup toplayıb yeni bir ad altında hansısa qurumu yaratdığını bəyan etmək istəyir. Bundan öncə də onlar müxtəlif adlar altında müəyyən təşkilatların yarandığını bəyan ediblər və yaradıblar. Bəs, indi hanı o təşkilatlar? Təbii ki, yoxdur. Məsələn, "El" təşkilatı deyirlər, adı var amma özü yoxdur. Milli Şuranın taleyi də belə olacaq. İndi Milli Şurada Rüstəm İbrahimbəyovun adı çəkilir. Belə təsəvvür yaranır ki, guya R.İbrahimbəyovun rəhbərliyi altında hansısa bir qurum yaradılır. Bu insan sənət adamıdır, kinorejissordur, ssenaristdir. Bir sözlə bu şəxs siyasət adamı deyil. Tutaq ki, bu insan gəlib Milli Şuranı yaratdı və oldu onun rəhbəri. Axı, nə dəyişəcək? Bir sözlə, toplananların yerini dəyişəndə cəm dəyişmir. Azərbaycan cəmiyyətində faktiki olaraq siyasi palitra müəyyən olunub. Bu siyasi palitranı üç yerə bölə bilərik. Birincisi, hakimiyyət və onu müdafiə edən, elektorat, bunun sayı, təkibi, intelektual potensialı, gücü, qüvvəsi eyni zamanda coğrafi baxımdan yayılmaq, təşkilatlanmaq imkanları daha böyükdür".

M.Qurbanlı hesab edir ki, hakimiyyəti müdafiə edən aparıcı təşkilat YAP-dır: "Hazırda hakim partiyanın 600 min üzvü var. Onun bütün rayonlarda ilk təşkilatları, eləcə də parlamentdə təmsil olunan üzvləri var. Prezident İlham Əliyevin siyasətini yalnız YAP deyil, digər qurumlar da, həmçinin cəmiyyətdə bitərəf mövqedə dayanan, siyasətdə iştirak etməyən toplum da müdafiə edir. Hakim partiya ilə birlikdə cəmiyyətin mütləq əksəriyyəti ölkə başçısı İlham Əliyevi lider, eyni zamanda prezident olaraq tam şəkildə dəstəkləyir. Beləcə, gələcək prezident seçkilərində də dövlət baçısının namizədliyi irəli sürüləcək. İkinci dairə kontruktiv müxalifətdir. Bunlar konstruktiv mövqedə dayanan, hakimiyyəti tənqid edən, eləcə də hakimiyyətin siyasəti ilə bağlı müxtəlif fikirlər səsləndirən, müəyyən məsələləri qaldıran parlamentdə olan və olmayan partiyalardır. Bu partiyalar da hakimiyyətin müəyyən siyasi xəttini bəyəndiyini elan edir, müdaifə edir və bəzi məsələlərdə fikir ayrılığı mövcuddur. Beləcə, bunların da müəyyən elektoratı vardır. Üçüncüsü, radikal mövqedə dayanan, eyni zamanda öz radikallığını daim nümayiş etdirən, həmçinin radikallığını milli maraqların əleyhinə yönəldən dairələrdir. Bəs, gəlin görək bu dairələr kimdir? Bu dairələr mətbuatda hay-küy yaradır, müəyyən mətbuat qurumlarına nəzarət edir və öz mətbuatı vasitəsilə hakimiyyət və onun siyasəti haqqında qara-piar kampaniyası aparır, heç nəyi bəyənmir. Bu qruplaşma faktiki olaraq, indi Milli Şura deyənlərlə bir yerdə addımlamaqdadır. Bunların dayağı, dairəsi çox məhduddur. Hətta o qədər məhduddur ki, bu böütövlükdə Azərbaycanın ictimai-siyasi həyatına təsir edə bilməz. Seçkilər zamanı isə bu qruplaşmanı irəli sürəcəyi namizədin şansları çox aşağı olacaq. Ona görə də biz bundan heç də marahat deyilik. Biz dəfələrlə demişik ki, demokratik ölkədə yaşayırıq. YAP olaraq sizinlə seçkilərdə, seçki qutularında, meydanında hər zaman görüşməyə, normal siyasi mükamilə, diskussiya, mübarizə aparmağa hazırıq. Biz sizə qalib gəlməyə özümüzü qadir sayırıq və buna əminik. Əgər siz də buna əminsinizsə, o zaman gəlin döyüş meydanına. Yox, əgər siz arxada daynıb, yalnız dedi-qodu ilə məşğul olacaq və yaxud hay-küy qaldıracaq, ölkəmizin milli maraqlarına zidd addımlar ataraq hətta bəzi hallarda bizim düşmənlərlə sinxron fəaliyyət göstərəcəksinizsə, bunu da cəmiyyət heç zaman müsbət saymayacaq və müdafiə etməyəcək. Ona görə də Milli Şura mövzusu bizim üçün sıradan bir mövzudur. Bu mövzunun gündəmə gəlməsində isə mətbuat və Milli Şura yaratmaq istəyənlər maraqlı görünür. Milli Şura yaranan kimi sabun köpüyü kimi də yoxa çıxacaq. Mən bunu tam proqnozlaşdırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə