Elman Nəsirli: “Bəşər Əsədin xoşluqla hakimiyyətdən getmək fikri yoxdur” AÇIQLAMA

Elman Nəsirli: “Bəşər Əsədin xoşluqla hakimiyyətdən getmək fikri yoxdur” AÇIQLAMA

"Suriyanın ətrafındakı həlqə getdikcə daralır. Artıq qərb ekspertləri də öncədən belə proqnozlar verirlər ki, həlqə daraldıqca və Bəşər Əsəd rejimi sıxıldıqca onun bir çox hallarda proqnozlaşdırılması çətin olan addımları daha çox özünü göstərməyə başlayacaq. Ən pisi isə bu rejimin qırımızı xətti keçməsində özünü göstərə bilər". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli Türkiyədə baş verən dəhşətli terror aktına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, adıçəkilən dövlət özünün malik olduğu kimyəvi və bioloji silahdan istifadə edə bilər: "Artıq ABŞ-da da hökumət səviyyəsində belə məlumatlar yayılır ki, Əsəd bu silahlardan istifadə edib. Eyni zamanda onun cavab zərbələrindən biri kimi terrorizmə əl atacağı ilə bağlı informasiyalar var idi. Türkiyədə baş verən bu dəhşətli terror aktlarından sonra bu versiyanın öz təsdiqini tapdığını söyləmək belə mümkündür. Belə olan təqdirdə B.Əsədin əvvəlcədən də mövqeyi bu idi ki, adıçəkilən rejimə qarşı mübarizədə Türkiyə müxalifətin yanında olaraq, Suriyanın dostları qrupunun əsas fəal üzvlərindən biridir. B.Əsədin mövqeyinə görə, müxalifətin gücləndirilməsi, silah-sursatla təmin edilməsi daha çox Türkiyə ərazisinin özündə həyata keçirilir. Bu gün Türkiyə-Suriya münasibətləri düşmənçilik səviyyəsində cərəyan edir. Belə olan vəziyyətdə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da dəfələrlə B.Əsədin artıq hakimiyyətdə saxlanılmasının, qalmasının, leqitimiliyinin tükəndiyini bildirmişdi. Ərdoğan artıq onu heç bir halda siyasi lider kimi qəbul etmir".

E.Nəsirlinin sözlərinə görə, dünyanın əksər ölkələri artıq Suriya rejiminə qarşı adekvat mövqedədilər: "Hətta ərəb ölkələri liqası belə bu rejimi deyil müxalifəti öz sıralarında görür. Belə olan təqdirdə istisna deyil ki, Əsəd rejiminin əsas zərbə arsenalına tuş gələn dövlət məhz Türkiyə ola bilər. Rəsmi Ankaradakı son terror hadisələri onu göstərdi ki, həmin proqnozlar özünü doğruldub. Hesab edirəm ki, bundan sonra hadisələr daha mürəkkəb və ssenari üzərində inkişaf edəcək. Türkiyə dövləti regionda fövqəl dövlətdir. Bir sözlə, regionda Türkiyədən güclü dövlət yoxdur. Artıq rəsmi Türkiyənin Əsəd ətrafındakı həlqənin maksimum səviyyədə daralması istiqamətində addımlar atacağı proqnozlaşdırılandır. B.Əsədin xoşluqla hakimiyyətdən getmək fikri yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə