Əli Əhmədov: "Hakim partiya seçkilərə çox ciddi hazırlaşır"

Əli Əhmədov: "Hakim partiya seçkilərə çox ciddi hazırlaşır"

Bu gün YAP Xətai rayon təşkilatında partiyanın rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə respublika müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və digərləri iştirak ediblər.

YAP-ın Sədr müavini Əli Əhmədov deyib ki, hakim partiya seçkilərə çox ciddi hazırlaşır: "Oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP müəyyənləşdirdiyi seçki planlarına uyğun olaraq tədbirlərini həyata keçirməkdədir. Təbii ki, YAP-ın geniş şaxələnmiş rayon təşkilatları, strukturları mövcuddur. Bizim bütün seçki hərəkətləri rayon təşkilatları vasitəsilə reallaşır. Bugünki müşavirədə seçki və seçkiyə hazırlıqla əlaqədar müəyyən tapşırıqlar veriləcək. Bundan əvvəl yerlərdə verilmiş tapşırıqların icrası ilə əlaqədar müzakirələr, fikir mübadiləsi aparılacaq, növbəti dövrdə həyata keçirəcəyimiz işlərlə bağlı tapşırıq veriləcək. Bizim əsas formalaşmış ənənəmiz bundan ibarətdir ki, seçkiyə ciddi şəkildə hazırlaşırıq. Bununla belə seçkiyə hazırlıq prosesində YAP-ın bütün strukturlarını, fəallarını və üzvlərinin seçki kampaniyasında yaxından iştirakını təmin etməliyik. Hakim partiyanın 600 min nəfərlik fəal üzvünün seçki kampaniyasına hazırlığını təmin etmək üçün geniş proqram müəyyənləşdirilib. Hesab edirik ki, partiyanın bütün üzvləri seçki, təşviqat-təbliğat kampaniyalarında yaxından iştiraka, bütövlükdə isə Azərbaycanda seçki fəallığının artmasına müsbət təsir göstərəcəklər. Bu mənada biz tez-tez görüşlər, tədbirlər keçirir, fikir mübadiləsi aparırıq".

Daha sonra müşavirə KİV-in iştirakı olmadan davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə