"Azərbaycan Qafqazda ən sabit ölkədir"

"Azərbaycan Qafqazda ən sabit ölkədir"

Almaniyanın nüfuzlu "Zeitschrift für Außen- und Sicherheitspolitik" ("Xarici siyasət və təhlükəsizlik siyasətinə dair jurnal") adlı elmi nəşrində Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Pərviz Şahbazovun Azərbaycanla Avropa arasında strateji tərəfdaşlığın inkişafına və perspektivlərinə həsr olunmuş analitik məqaləsi çapdan çıxıb. SİA-nın məlumatına görə, səfir məqalənin əvvəlində yazır: "Müstəqilliyini bərpa etdikdən 20 il sonra Azərbaycan Qafqazda nəinki siyasi, həm də ilk növbədə iqtisadi cəhətdən ən sabit ölkədir". Məqalədə deyilir: "Respublika Avropa strukturlarına fəal yaxınlaşmaqla özü üçün qərb məkanına inteqrasiya vektorunu dəqiq müəyyənləşdirmişdir. Eyni zamanda ölkə Rusiya, İran və Türkiyə kimi region dövlətlərinin müxtəlif geosiyasi mənafeləri zonasında manevr edə bilir və bu zaman Qərbə doğru oriyentirini itirmir". Səfir belə hesab edir ki, Azərbaycan Avropa Şurasına daxil olmaqla Avropanın tərəfdaşı kimi qəbul olunmaq arzusunu aydın ifadə etmişdir. Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsi hər iki tərəfə fayda gətirə bilər.

Daha sonra Pərviz Şahbazov qeyd edir ki, Bakıda bütün postsovet məkanında AFR üçün Rusiyadan sonra ikinci belə qurum olan Almaniya-Azərbaycan ticarət palatasının açılması ikitərəfli münasibətlərdə yeni mərhələ olub. Son illər Azərbaycanın və Almaniyanın nazirlikləri və ali rəhbərliyi səviyyəsində keçirilmiş bir çox görüşlər iki ölkə arasında siyasi münasibətlərin dinamik inkişafını əks etdirir. İqtisadi göstəricilər təsdiq edir ki, 2012-ci ildə Azərbaycanla AFR arasında ticarət dövriyyəsi rekord göstəriciyə - 2,3 milyard dollara çatıb.

Pərviz Şahbazov Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesinə kifayət qədər cəlb olunmadığına işarə edərək yazır: "Yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində durğunluq müşahidə edilir. Cənubi Qafqazın təhlükəsizliyinə və sabitliyinə Avropanın köməyi məsələsi açıq qalır". Səfir BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını aydın şəkildə tələb edən qətnamələrinin hələ də yerinə yetirilməməsinə istinadla ümidvar olduğunu bildirir: "Azərbaycan Aİ-dən və Almaniyadan düyünə düşmüş Dağlıq Qarabağ münaqişəsinin təhlükəli olduğunu dərk edəcəklərini və bu münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında nizama salınması üçün daha çox səy göstərəcəklərini gözləyir".

Pərviz Şahbazov Brüsselin elan etdiyi enerji resurslarının nəqlinin şaxələndirilməsi strategiyası baxımından münaqişənin həllinə Aİ-nin bilavasitə siyasi maraq göstərdiyini və bu strategiyada Xəzər regionuna xüsusi yer verildiyini qeyd edərək yazır: "Bu həll edilməmiş münaqişə nəinki bütün regionun təhlükəsizliyi və sabitliyi üçün, həmçinin boru kəmərləri, nəqliyyat infrastrukturu üçün riskdir".

Daha sonra səfir qeyd edir ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan nəqliyyat infrastrukturu Xəzər, Mərkəzi Asiya və Cənubi Qafqazın Qara və Aralıq dənizləri ilə birləşməsinə və bununla da regionun Avropa ilə sabit əlaqəsinin təmin edilməsinə kömək göstərəcək. Beləliklə, Xəzəryanı region və Cənubi Qafqaz ölkələri ilə enerji əməkdaşlığı üçün Aİ-nin yeni imkanları meydana çıxacaq. Avropanın etibarlı tərəfdaşı olan Azərbaycan Mərkəzi Asiyaya uzanan körpü rolunda çıxış edir. Məqalədə deyilir: "Azərbaycanın regional əhatəsi şəraitində ölkənin iqtisadi və siyasi sabitliyinin və müstəqilliyinin qorunub saxlanması istənilən cəhətdən regionun gələcək inkişafı üçün çox vacib şərtdir. Bu, Azərbaycanın ən mühüm vəzifələrindən biridir və o, öz tərəfdaşları ilə sıx qarşılıqlı əlaqə şəraitində Avropaya doğru yolunu müvəffəqiyyətlə davam etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə