Elçin Mirzəbəyli: “İran tərəfi Bəşər Əsəd rejimini açıq şəkildə müdafiə edir” ANALİZ

Elçin Mirzəbəyli: “İran tərəfi Bəşər Əsəd rejimini açıq şəkildə müdafiə edir” ANALİZ

"İstənilən formada hədəfindən, məqsədindən asılı olmayaraq terror aksiyası lənətlənməlidir". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli, ötən gün Türkiyədə baş vermiş dəhşətli terror aktına münasibət bildirərkən deyib.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyədə ötən gün baş verən bu terror aktı son dövrlərdə reallaşdırılan ən dəhşətli terror aksiyalarından biridir: "Türkiyənin rəsmi dairələri artıq məsələ ilə bağlı öz mövqelərini açıqlayıblar. Hətta terrorun təşkilatçılarının kim olması belə bəllidir. Bu hadisələrin "Əl-Muhabirat"la əlaqəli Suriyanın kəşfiyyat strukturları tərəfindən təşkil edildiyi bildirilir. Təbii ki, bu məsələnin hüquqi tərəfləridir və bununla bağlı araşdırmalar aparılır, istintaq davam etdirilir. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan məsələnin mahiyyətini rəsmi Ankaranın mövqeyi baxımından açıqlayıb və bəyan edib ki, Türkiyəni Suriya bataqlığına çəkmək istəyirlər. Qeyd edilib ki, bu terror aksiyası da Türkiyənin Suriyadakı proseslərə bilavasitə qoşulması üçün həyata keçirilib. Rusiya tərəfi isə bunu fərqli formada dəyərləndirir. Bu dövlətin qənaətinə görə, baş verən terror aktı sülh prosesini pozmaq üçün atılan addım idi. Təbii ki, burada müxtəlif versiyalar ortaya çıxa bilər. İndiki şəraitdə aksiyanın bilavasitə Bəşər Əsəd tərəfdarları tərəfindən həyata keçirilməsi şübhə doğurmur. Amma gəlin görək, B.Əsəd bu gün ölkəyə nəzarət etməyi bacarırmı? Eləcə də ayrı-ayrı dövlətlərin kəşfiyyat strukturları "Əl-Muhabirat"la nə dərəcədə əlaqəlidirlər və bu terror aksiyasının həyata keçirilməsində onların rolu nə qədərdir? Şübhəsiz ki, aparılan araşdırmalar da bu məsələyə aydınlıq gətirəcək. Lakin indiki şəraitdə Rusiyanın B.Əsəd rejiminə "S-300" raket kompleksi verdiyi bir dönəmdə bu aksiyanın reallaşması təsadüfi sayıla bilməz".

E.Mirzəbəyli hesab edir ki, bu prosesdə maraqlı olan dövlətlər var: "Çünki regiondakı bəzi dövlətlərin ətrafında həlqə daralır və həlqənin daxilində olan dövlətlərdən biri də məhz İrandır. Adıçəkilən bu dövlət B.Əsəd rejimini açıq şəkildə müdafiə edən eyni zamanda onun ordusunda döyüşmək üçün döyüşçülər göndərən ölkələrdən biridir. Bu baxımdan həmin prosesdə İranın da iştirak etməsi şübhə doğurmur. Yəni, İran da Türkiyənin güclənməsindən, regionda söz sahibi olmasından, özünün dövlət modelini Yaxın Şərqdə olan bütün dövlətlərə transfer etməsindən narahatdır. Eyni zamanda Türkiyədə baş verən proseslər İranın bütövlükdə vətəndaşları üçün nümunədir. İran qonşuluğunda olan bütün dünyəvi modelli dövlətlərə qarşı hərəkət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə