Politoloq: “Ermənistanın danışıqlar prosesindəki mövqeyi müharibəyə gətirib çıxara bilər”
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirəcəyi görüşdən müəyyən tərəqqi əldə olunsa , ölkə başçılarının görüşü məsələsi gündəmə gələ bilər. Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Politoloqun sözlərinə görə, Krakovda keçiriləcək görüşlərin əsas mahiyyəti danışıqların gündəliyi və müzakirə olunmaq üçün sualları müəyyənləşdirməkdir: "Artıq bir ildən çoxdur ki, Azərbaycan və Ermənistan prezidentləri arasında "Dağlıq Qarabağ" münaqişəsinin həlli ilə bağlı görüş keçirilmir. Son zamanlar xarici işlər nazirləri də ayrı-ayrılıqda görüşlər keçirməyiblər. Yalnız ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşərək müəyyən məsələləri müzakirə ediblər. Bunu nəzərə alaraq, ATƏT-in Minsk qrupu həmsədrləri və onların təmsil olunduğu ölkələrin başçıları mövcud vəziyyətin çox təhlükəli olduğunu və status-kvonu dəyişməyin lazım olduğunu Ermənistan tərəfinə çatdırmalıdırlar. Bununla yanaşı, həmin dəyişikliklərin Madrid prinsipləri əsasında həyata keçirilməsi vacib faktordur".
R.Musabəyov bildirib ki, danışıqlar prosesinə Azərbaycan və Ermənistan tərəfinin fərqli yanaşmaları mövcuddur: "Azərbaycan tərəfi bəyan edir ki, danışıqlar prosesində artıq sülh müqaviləsinin hazırlanması və müzakirəsinin vaxtı çatıb. Ancaq ermənilər bu məsələni uzadaraq bilavasitə danışıqların mahiyyətinə aid olmayan sualları, Xocalı aeraportunun açılması, atəşkəsin möhkəmləndirilməsi, snayperlərin geriyə çəkilməsi kimi məsələləri ortalığa atırlar. Hesab edirəm ki, bu addımlar müharibəyə gətirib çıxara bilər. Azərbaycan mahiyyətcə məsələlərin müzakirəsinə razılıq verərək danışıqların gündəliyini bu şəkildə müəyyənləşdirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB