“Uşaqların asudə vaxtının düzgün təşkili” ilə bağlı yeni layihə!

“Uşaqların asudə vaxtının düzgün təşkili” ilə bağlı yeni layihə!

"Yaxın vaxtlarda "Uşaqların asudə vaxtının düzgün təşkili" ilə bağlı layihə hazırlanaraq Milli Məclisin plenar iclasına təqdim olunacaq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Sədaqət Vəliyeva deyib.

Millət vəkilinin sözlərinə görə, sovet dövründə uşaqların asudə vaxtlarının təşkili ilə bağlı bir çox layihələr olsa da Azərbaycan müstəqillik əldə edəndən sonra bu sahədə bir sıra problemlər var: "Sovet dövründə uşaqlarımız asudə vaxtlarını daha yaxşı keçirirdilər. Onlar üçün "pioner lagerləri", dərsdən kənar məşğələlər və dərnəklər təşkil olunurdu. İndi ölkəmizdə uşaqların asudə vaxtlarının düzgün təşkili ilə bağlı bir qədər çətinliklər var. Bunu aradan qaldırmaq üçün təmsil olunduğum komitə tərəfindən Milli Məclisdə "Uşaqların asudə vaxtının düzgün təşkili" ilə bağlı layihə ilə çıxış etmişik. Yaxın vaxtlarda həmin proqram hazırlanıb plenar iclasa təqdim olunacaq".

Millət vəkili bildirib ki, layihə plenar iclasa təqdim olunmaq üçün hazırlanır: "Hələlik, layihə üzərində iş gedir. Biz müxtəlif ölkələrin bu sahədə təcrübəsini araşdırırq. Bundan sonra Azərbaycanın milli mentalitetinə uyğun olan layihə plenar iclasa təqdim olunacaq. Ümid edirəm ki, layihə tezliklə qəbul olunacaq".

S.Vəliyeva onu da qeyd etdi ki, "Uşaqların asudə vaxtının düzgün təşkili" ilə bağlı məsələ yalnız dövlətin üzərinə düşmür: "Bütün məsələlərin həllini dövlətin üzərinə qoymaq olmaz. Bununla bağlı ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var. Onlar da məsələ ilə bağlı təkliflərini versələr yaxşı olar.

Millət vəkili hesab edir ki, layihə qəbul olunsa, uşaqlar cinayətdən, narkomaniyadan və digər bu kimi pis vərdişlərdən uzaq olar: "Layihə qəbul olunsa, uşaqların kriminal aləmə meyli azalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə