YAP Gənclər Birliyi Ulu Öndərin yubileyi ilə bağlı layihələrini yekunlaşdırıb

Mübariz Qurbanlı: "Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən Öndər olub"
YAP Gənclər Birliyi Ulu Öndərin yubileyi ilə bağlı layihələrini yekunlaşdırıb

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirib. SİA-nın xəbərinə görə, yekun tədbir bu gün YAP Gənclər Birliyinin Ofisində gerçəkləşib. Tədbirdə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevlə olan görüşlərindən, Ulu Öndərin xalqımız, dövlətimiz qarşısında olan xidmətlərindən ətraflı şəkildə bəhs edib.

M.Qurbanlı Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın təməl prinsiplərinin formalaşdırdığını vurğulayıb və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlərindən danışıb. YAP İcra katibinin müavini onu da söyləyib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək. Millət vəkili bildirib ki, hələ sovetlər hakimiyyəti dövründə Azərbaycan xalqında milli hisslərin oyanması və güclənməsində Ulu Öndərin fəaliyyətinin müstəsna rolu olub: "Çünki Heydər Əliyevin xalq qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu Öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görmək lazım olduğunu bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Yəni, Ümummilli Liderimiz düzgün seçimin yolunu göstərdi ki, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimiz vacibdir. Heydər Əliyevin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib".

Mübariz Qurbanlı bildirib ki, Azərbaycanın son illərdə ərzində qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olub.

YAP İcra katibinin müavini qeyd edib ki, müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyev gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Onun sözlərinə görə, Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də, məhz Ümummilli Liderimizdir. M.Qurbanlı Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyi üçün gördüyü işlərdən də geniş söhbət açıb, bu gün də bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini gənclərin diqqətinə çatdırıb.

Sonra gənclərin Ümummilli Lider Heydər Əliyevlə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları həmçinin, YAP Gənclər Birliyinin Ofisində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən fotosərgiyə tamaşa ediblər.

Daha sonra gənclər Sahil bağında "Heydər Əliyev irsini öyrənək!" adlı fləşmob keçiriblər. Fləşmobda əllərində Heydər Əliyev irsindən bəhs edən kitablar tutan gənclərin bu tədbiri şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə