I Cənubi Qafqaz Forumu öz işinə başladı YENİLƏNİB-FOTOLAR

I Cənubi Qafqaz Forumu öz işinə başladı YENİLƏNİB-FOTOLAR

Bu gün Bakıda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə I Cənubi Qafqaz Forumu öz işinə başlayıb. Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub.

Bundan sonra İordaniya kraliçası xanım Nur, Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberga, Niderlandın baş naziri, Madrid Klubunun prezidneti Vim Kok və İsgəndəriyyə kitabxanasının direktoru İsmail Seragəldinin çıxışları olub.

Açılış mərasimindən sonra I Plenar sessiya "Mükəmməl cəmiyyətin üzləşdiyi problemlər" mövzusunda davam edib. Bu paneldə Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, Kanadanın sabiq baş naziri Kim Kembel, Finlandiyanın keçmiş prezidenti Tarya Halonen, şahzadə Əl-Həsən bin Talal və Rumıniya prezidenti Emil Konstantinesku bu mövzuda öz fikirlərini bildirib.

II Plenar sessiyada "Mükəmməl cəmiyyətlər çıxılmaz vəziyyətlərdə münaqişənin həlli üçün bir vasitə kimi" mövzusunda olub.

Paneldə Gürcüstan prezidenti Mixeil Saakaşvili çıxış edərək bildirib ki, mən çox şadam ki, Azərbaycandayam və özümü çox təvəzökar hiss edirəm: "Bakı çox gözəl şəhərdir və getdikcə inkişaf edir. Biz hər il özümüzü daha çox stabilləşmiş dünyada görürük. Mən 21-ci əsrdə olan bu prosesləri düşünəndə deyirəm ki, bəs siyasi proseslərin həlli nə yerdədir? Biz Nyu York, Şanxay, Parisə qədər getsək görərik ki, orada vəziyyət çox stabilləşib. Biz bu regionda bütün proseslərin mərkəzində yerləşirik. Biz Gürcüstanda Ukraynada narıncı inqilabın şahidi olduq. Bu, hələ də insanların ürəyindədir. Burada müxtəlif siyasi vəziyyətlər vardır. Azərbaycan inkişaf etdikcə onun təbii sərvətləri, resursları da inkişaf edir. Əlbəttə, bu, dahi şəxsiyyət Heydər Əliyevin səyi sayəsində mümkün olub. Biz Azərbaycanın xarici siyasətini dəstəkləyirik. Amma buna baxmayaraq, təhlükəli güclər hər şeyin əksinə hərəkət edərək, inkişafa mane olmağa çalışırlar".

Litva prezidenti Vytautas Landsbergis isə bildirib ki, Cənubi Qafqazın bütün xalqları dost kimi yaşaya bilər: "Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli vacibdir. Bu məsələnin həllində maraqlı tərəflər tapmaq çətindir, ancaq müharibənin, qantökmənin tərəfdarlarını tapmaq, regionda vəziyyəti gərgin saxlamağın tərəfdarlarını tapmaq asandır. Avropa Birliyi (AB) bu məsələni həll edə bilər və AB bununla bağlı fikirlər bildirməlidir. AB-nin bu məsələnin həllində strateji maraqları var, ancaq Rusiyanın maraqları qeyri-stabildir. Dağlıq Qarabağ münaqişəsi regionda stabilliyi, sabitliyi və qonşuluq siyasətini dağıdır. Bu münaqişənin həlli regiondakı vəziyyətə ciddi dərəcədə müsbət təsir göstərəcək. Biz dinc sakinlərin qətlə yetirilməsindən narahatıq".

İsrailin sabiq baş naziri Ehud Barak sözlərinə görə, İsrail aktiv demokratik ölkədir: "İllərdir bu dövlət öz mövcudluğu üçün mübarizə aparır. Hazırda İsrailin vəziyyəti o qədər də qənaətbəxş deyil. Bir tərəfdən İsraildə 1,5 milyon qaçqın var, digər tərəfdən qonşuluğunda kifayət qədər aqressiv dövlətlər yerləşir, daha bir səbəb isə Fələstinlə olan münasibətlərdir. Biz Fələstinlə olan məsələləri həll etməyə çalışırıq. Ancaq hələ də bu mümkün olmayıb. Mən inanıram ki, demokratiya və haqq öz yerini tapacaq. Bunun həll olunması üçün düşünürəm ki, üç məsələ vacibdir. Birincisi imkanların bərabərliyidir ki, hələ də mümkün olmayıb. İkinci məsələ cəmiyyətin düzgün təbəqələşməsi, üçüncü məsələ isə sülh prosesinə nail olmaqdır. Sülh olmadan nəyisə əldə etmək qeyri-mümkündür. Bu günə qədər bir sıra sülh təklifləri olub. Düşünürəm ki, bütün təkliflərə baxılmalıdır və məsələ həll olunmayana qədər, danışıqlar mütəmmadi olaraq davam etdirilməlidir".

Daha sonra Türkiyənin baş nazirinin müavini Bəşir Atalay, Nobel mükafatçısı Şirin Ebadi, Mavritaniyanın keçmiş prezidenti Kassam Utimin çıxışları olub.

Qeyd edək ki, iki gün davam edəcək foruma İordaniya kraliçası xanım Nur, BMT Baş Katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və bir sıra ölkələrin sabiq prezidentləri ilə yanaşı, ümumilikdə dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə