"Heydər Əliyev - Ömür Yolu" kitabının təqdimat mərasimi keçirilib YENİLƏNİB-FOTOLAR

"Heydər Əliyev - Ömür Yolu" kitabının təqdimat mərasimi keçirilib YENİLƏNİB-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və Heydər Əliyev Mərkəzinin birgə hazırladığı "Heydər Əliyev - Ömür Yolu" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, hakim partiyanın icra katibinin müavinləri, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov, deputatlar və digər ziyalılar iştirak edib.

Tədbirə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitabla bağlı videoçarxın nümayişi ilə start verilib.

Daha sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə kitab haqqında danışaraq deyib ki, belə kitablar çox vacibdir, çünki bu kitablar bizim dünənimizdən, bu günümüzdən və gələcəyimizdən xəbər verir. O qeyd edib ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni bir eraya qədəm qoyub, Azərbaycan yox olma mərhələsindən dinamik inkişaf edən bir ölkəyə çevrilib. Biz Heydər Əliyevin əsəri hesab olunan bugünkü dinamik inkişaf edən Azərbaycanı qorumalıyıq. Biz Azərbaycanı təkcə ağız büzən müxalifətdən deyil, eyni zamanda içimizdə olan bəzi məmurlardan da qorumalıyıq".

Daha sonra millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən danışaraq bildirib ki, dünyanın siyasi arenasında elə hadisələr baş verirdi ki, bu hadisələrin mahiyyətini yalnız Heydər Əliyev başa düşürdü.

N.Cəfərov qeyd edib ki, ümummilli liderin bu qabiliyyəti qaynar siyasi proseslərdən düzgün nəticələr çıxarmağa imkan yaradırdı: "Heydər Əliyev ona görə Ümummilli lider səviyyəsinə yüksəlib ki, o, daima qalib gəlirdi. Heydər Əliyevin qələbələrinin mənbəyində dayanan qüvvə Azərbaycan xalqı idi. O, ən gərgin anlarda belə xalqına arxalanır, qalib gəlirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə