Millət vəkili Mehriban Əliyeva parlamentdə çıxış edib

Millət vəkili Mehriban Əliyeva parlamentdə çıxış edib

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Milli Məclisin bugünkü iclasında amnistiya aktı ilə bağlı çıxış edib. SİA-nın məlumatına görə, millət vəkili Mehriban Əliyeva çıxışında bildirib ki, bir neçə gündən sonra dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyi qeyd ediləcək.

Onun sözlərinə görə, böyük siyasətçi, müasir dövlətin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi, gördüyü nəhəng işlərlə yaşayacaq: "Ulu Öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli intellektə və əyilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o xeyirxah, mərhəmətli, humanist insan olub. Adi insanlarla münasibətdə o çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında o, ədalətszilik, satqınlıq xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtı ilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Lakin Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti seçilərkən həmin insanların böyük əksəriyyətini bağışladı. Bu bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiqlədi".

"Bu gün müzakirə etdiyimiz amnistiya aktı əslində bağışlamaq aktıdır. Qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır. Əziz dostlar mən inanıram ki, bağışlamaq, xoş niyyət və mərhəmətlə bu dünyada bir çox məsələləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları olub. Qərarda 9000 min şəxs bu aktın təsirinə düşüb. Lakin onlardan 2000-dən çoxu azadlığa buraxılacaq. Ümidvaram ki, həmin insanlar öz səhvlərini dərk edib gələcəkdə belə addımlar atmayacaqlar",- deyə millət vəkili fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə