ARGTMŞ Avropa Şurasının strukturuna üzv seçilib

ARGTMŞ Avropa Şurasının strukturuna üzv seçilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının (Advisory Council on Youth of Council of Europe) üzvü seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, mətbuat konfransında ARGTMŞ-nın sədri Şahin Seyidzadə deyib ki, ARGTMŞ 18 – 21 aprel 2013-cü il tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində, 40 ölkənin Milli Şurası və 59 beynəlxalq təşkilatın iştirakı ilə həyata keçirilən Avropa Gənclər Forumunun növbəti iclasında Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının (Advisory Council on Youth of Council of Europe) üzvü seçilib. İclas, Avropa Gənclər Forumunun cari və maliyyə hesabatı təsdiq olunması, həmçinin Avropa Şurasının gənclər üzrə Məşvərət Şurasına üzvlüyünə seçkilərin keçirilməsi məqsədi ilə təşkil olunub. İclas zamanı Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvlüyünə Şərqi Avropa və Qafqaz ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan) tərəfindən irəli sürülən namizəd kimi, ARGTMŞ-nın platformasının təqdimatı keçirilib, həmçinin Azərbaycanda həyata keçirilən gənclər siyasəti, gənclərə göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Daha sonra səsvermə hüququna malik 34 ölkənin Milli Şurası və 39 beynəlxalq təşkilatın iştirakı ilə qapalı səsvermə keçirilib. Səsvermə nəticəsində 26 Milli Şura və 25 beynəlxalq təşkilatın səsi ilə ARGTMŞ Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvlüyünə seçilib".

Mətbuat konfransından dərhal sonra, mətbuat nümayəndələri yeni yaradılmış "Gənclər Evi" və ARGTMŞ-nın "Gənclər Evi"-də yerləşən ofisi ilə tanış olublar.

Qeyd edək ki, 104 gənclər təşkilatını birləşdirən ARGTMŞ, sonuncu dəfə 2002-ci ildə Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə