Politoloq: "Almaniyanın insan hüquqlarının pozulması ilə bağlı fikir söyləməsi əsassızdır"

Politoloq: "Almaniyanın insan hüquqlarının pozulması ilə bağlı fikir söyləməsi əsassızdır"

"Azərbaycan insan azdlıqlarının təmin olunması və hüquqların qorunması məsələsində heç də Avropadan geri qalmır, hətta bu sahədə Avropanın bir çox ölkələrini üstələyir". SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu Almaniyanın Azərbaycana qarşı insan azadlıqlarının və hüquqlarının pozulması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib. Politoloqun sözlərinə görə, təəssüf ki, bəzən Azərbaycan belə qeyri-obyektiv bəyanatlarla üzləşir: "Bir neçə ay bundan öncə Avropada iqtisadi islahatlarla bağlı əhalinin etirazlarına qarşı hökumətin sərt reaksiya verməsinin şahidi olmuşuq. Təbii ki, belə məqamların olduğu vaxtda Almaniya da daxil olmaqla Avropanın digər hansısa bir ölkəsinin insan hüquqlarının pozulması ilə bağlı fikir söyləməsi əsassızdır".

Elşad Mirbəşiroğlu Almaniyanı bu fikirləri səsləndirməyə məcbur edən amillərin olduğunu da deyib: "Sivil və inkişaf etmiş cəmiyyətə malik olan Azərbaycanda söz azadlığı, insan hüquqlarının qorunması istiqamətində həm dövlət, həm də müvafiq qurumlar tərəfindən lazımi addımlar atılıb və hazıda bu proses davam etməkdədir. Almaniyanın Azərbaycana qarşı bu kimi addımlar atmasına səbəb olacaq əsas amil isə Avropadakı erməni lobbisidir. Bu gün Ermənistanda sosial partlayış həddi mövcuddur və erməni lobbisi ictimaiyyətin fikrini ölkəsinin acınacaqlı vəziyyətindən yayındırmağa çalışır. Bu məqsədlə də Azərbaycana qarşı qərəzli fikirlərin səslənməsinə yol açır. Başqa bir məqam isə Azərbaycanın əlverişli geosiyasi mövqeyə malik olmasıdır. Ölkəmizdə bir çox dövlətlərin maraqları cəmləşib, lakin onların maraqlarına eyni səviyyədə cavab vermək mümkün deyil. Almaniyanın da Azərbaycanla bağlı maraqlarının olması istisna deyil və məhz Azərbaycana qarşı əsassız və qərəzli fikirlərin səslənməsinin digər bir səbəbi də budur".

Bütün xəbərlər Facebook səhifəmizdə