Azərbaycan nümayəndə heyəti Uruqvayda səfərdədir

Azərbaycan nümayəndə heyəti Uruqvayda səfərdədir

Bu ilin 29 aprel – 2 may tarixlərində Azərbaycan Respublikası Milli Məclisində Uruqvayla Parlamentlərarası İşçi Qrupunun sədri millət vəkili Cavanşir Feyziyev və həmin qrupun üzvü millət vəkili Aslan Cəfərov Uruqvay parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun dəvəti ilə Uruqvayda səfərdə olublar. XİN-dən SİA-ya verilən məlumata görə, Azərbaycan millət vəkilləri Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Xerman Kardoso tərəfindən qəbul ediliblər. Görüşdə X.Kardosoya Milli Məclisin sədri Oqtay Əsədovun dəvət məktubu təqdim edilib, iki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişafı, müxtəlif sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi mövzuları müzakirə edilib.

Azərbaycan nümayəndələri Parlamentlərarası İttifaqın (PAİ) sədr müavini deputat İvonne Possada və PAİ-də Uruqvay nümayəndə heyətinin digər üzvləri olan senator Hektor Tajam, senator Gustavo Penades, deputat Xose Karlos Mahia, deputat Daniel Bianchi, deputat Karlos Gamou ilə görüşüblər. Görüşdə azərbaycanlı millət vəkilləri cari ilin mart ayında Ekvadorun Kito şəhərində PAİ-nin Assambleyası zamanı PAİ-nin 130-cu Assambleyasının gələn ilin aprel ayında Bakıda keçirilməsi ilə bağlı qərarın verilməsinə Uruqvay nümayəndə heyətinin göstərdiyi dəstəyə görə təşəkkür edib və həmin Assambleyada yüksək səviyyəli Uruqvay nümayəndə heyətinin iştirakını gözlədiklərini bildiriblər.

Millət vəkilləri Cavanşir Feyziyev və Aslan Cəfərovun növbəti görüşü Uruqvay Parlamentində Azərbaycanla Dostluq Qrupunun, parlamentin hər iki palatasının beynəlxalq əlaqələr daimi komissiyalarının üzvləri (senator Daniel Martinez, senator Luis Alberto Lacalle, senator Gustavo Penades, senator Karlos Moreira, senator Tabare Viera, deputat Xose Karlos Mahia, deputat Xaime Trobo, deputat Daniel Bianchi, deputat İvan Posada), parlamentin inzibati strukturunun rəhbər şəxsləri ilə birgə şəkildə keçirilib. Görüşdə iki ölkə arasında əməkdaşlıq mövzuları, xüsusilə də bu əməkdaşlığa parlament diplomatiyasının verdiyi töhfələr, regional və qlobal mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Uruqvaylı parlamentarlar 2011 və 2012-ci illərdə Azərbaycana səfərlərinin təəssüratları ilə bölüşmüş və ölkəmizi regionun əhəmiyyətli geosiyasi mövqeyə, zəngin resurslara malik və güclü inkişaf yaşayan ölkəsi kimi xarakterizə ediblər.

Azərbaycan parlamanetarları habelə, Uruqvayın sabiq prezidenti, hazırda senator olan Luis Alberto Lacalle tərəfindən də qəbul ediliblər. Görüşdə senator L.A.Lacalle cari ilin 6-9 may tarixlərində Madrid Klubunun Bakıda keçiriləcək konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olacağını bildirib, Azərbaycanda gedən güclü inkişaf prosesləri barədə məlumatlı olduğunu və bu səfərdən böyük gözləntilərinin olduğunu deyib. Görüşdə Azərbaycan-Uruqvay münasibətləri, regional məsələlər və qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfərdə azərbaycanlı parlamentarlar Uruqvayın iqtidar Geniş Cəbhə (Frente Amplia) partiyasının sədri xanım Monika Xavier tərəfindən də qəbul ediliblər. Xanım M.Xavier senator olduğu müddətdə Parlamentlərarası İttifaqın müxtəlif assambleyalarında Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşləri xatırladıb, Azərbaycanın dinamik inkişafı haqda ölkəmizə səfər etmiş uruqvaylı parlamentarlardan eşitdiyini bildirib. Görüşdə son müddətdə iki ölkə arasındakı əməkdaşlıqda canlanmanın müşahidə olunmasından məmnunluq vurğulanmış və mövcud geniş əməkdaşlıq imkanlarının reallaşması ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Uruqvay hökumətinin üzvləri tərəfindən də qəbul ediliblər. Bu xüsusda, ilk görüş Uruqvay Prezidenti Administrasiyasının dövlət katibi Dieqo Kanepa ilə keçirilib. D.Kanepa cari ilin əvvəllərində Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşmüş və Azərbaycan nümayəndə heyətinin Montevideoya həyata keçirilmiş səfərinin əhəmiyyətini vurğulamışdır. Görüşdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan parlamentarlarının növbəti görüşü Uruqvay xarici işlər naziri Luis Almaqro ilə keçirilib. Görüşdə iki ölkə arasında son illərdə əlaqələrdə müşayiət olunan intensivlik, həyata keçirilmiş səfərlər, əməkdaşlığın inkişafı üzrə mövcud olan geniş imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə çoxtərəfli müstəvidə də iki ölkə arasında qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin formalaşdığı, bu xüsusda BMT Təhlükəsizlik Şurasına keçirilmiş seçkilərdə, habelə Parlamentlərarası İttifaqın 130-cu Assambleyasının 2014-cü ildə Bakıda keçirilməsinə Uruqvayın Azərbaycana verdiyi dəstəkdən məmnunluq qeyd olunub. L.Almaqro Azərbaycanın son illərdə güclü inkişaf yaşadığını və bu xüsusda, Cənubi Qafqaz iqtisadiyyatının 80%-nin Azərbaycana məxsus olduğunu qeyd edib. Tərəflər Azərbaycan və Uruqvayın dinamik iqtisadi inkişafa, zəngin təbii resurslara, sülhpərvər siyasətə, çoxmədəniyyətli cəmiyyətlərə, önəmli strateji mövqeyə malik olması kimi oxşar xüsusiyyətlərini vurğulamış və Azərbaycan-Uruqvay əməkdaşlığının inkişafının hər iki ölkənin xalqlarının rifahına töhfə verəcəyindən əminliyini bildiriblər.

Səfər çərçivəsində Azərbaycan parlamentarları Uruqvayın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Tabare Aguerre ilə görüşüblər. Görüşdə iki ölkənin bir-birini tamamlayan iqtisadiyyatlara malik olması, bu xüsusda Azərbaycanın neft və qaz sektorunda, Uruqvayın isə kənd təsərrüfatı sektorundakı zəngin təcrübəsinin qarşılıqlı əməkdaşlıq üçün faydalı ola biləcəyi qeyd olunub. Tərəflər kənd təsərrüfatı texnologiyalarının ötürülməsi, ərzaq təhlükəsizliyi, habelə müvafiq malların ticarətinin təşviqi sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.

Səfər vaxtı azərbaycanlı millət vəkilləri Uruqvay Gömrüyünün Direktoru Enrike Kanonla da görüş keçiriblər. E.Kanon ötən ilin oktyabr ayında Azərbaycana səfəri və səfər vaxtı keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını bölüşüb, iki ölkənin gömrük orqanları arasında qurulub, əməkdaşlıqdan məmnunluğunu bildirib. Görüş vaxtı Uruqvayın xarici ticarəti barədə təqdimat keçirilmiş, habelə Azərbaycan nümayəndələri Uruqvay Gömrüyünün fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində, həmçinin, Uruqvay Nümayəndələr Palatasının sədri Xerman Kardoso, Uruqvay Parlamentində Azərbaycanla Dostluq Qrupu və Uruqvay Gömrüyünün Direktoru Enrike Kanon adından Azərbaycan nümayəndə heyətinin şərəfinə ayrı-ayrı olaraq ziyafətlər verilib..

Bütün xəbərlər Facebook səhifəmizdə