Azərbaycanın birinci xanımı “Qayğı” reabilitasiya mərkəzinin açılışında iştirak edib
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 3-də Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 1 ünvanında yerləşən fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli "Qayğı" reabilitasiya mərkəzinin açılışında iştirak edib.
Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Mehriban xanım Əliyeva binada yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, "Qayğı" reabilitasiya mərkəzi 1952-ci ildə inşa olunmuş və Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən "Zanbaq" uşaq bağçası binasının bazasında yaradılıb. Ötən ilin sonlarından yenidən qurulmasına başlanılan bağça binasının konstruksiyası dəmir-beton kəmərlərlə gücləndirilib, binaya 73 kvadratmetrlik tikili əlavə olunub. Ərazidə fiziki qüsurlu uşaqların müalicəsi üçün nəzərdə tutulmuş 265 kvadratmetrlik qapalı hovuz inşa olunub.
Reabilitasiya mərkəzi serebral iflic keçirmiş 30-50 uşaq üçün nəzərdə tutulub. Bağça tipli mərkəzdə 3 qrup üzrə 3-6 yaş arası uşaqlar tərbiyə və müvafiq müalicə alacaqlar. Bina içməli su, yanğından mühafizə hovuzları və 56 ədəd nəzarət kamerası ilə təchiz olunub. Mərkəzin ərazisi yaşıllaşdırılıb.
Birinci xanım Mehriban Əliyeva mərkəzdəki prosedur, yataq, qrup, trenajor, oyun, massaj, həkim otaqlarına baxdı, həyəti gəzdi.
Mərkəzdəki bütün avadanlıq Heydər Əliyev Fondunun hədiyyəsidir. Serebral iflic xəstələri üçün nəzərdə tutulmuş xüsusi trenajorlar İtaliya istehsalıdır.
Azərbaycanın birinci xanımı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi və tövsiyələrini verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB