Vüqar Rəhimzadə: “Rüstəm İbrahimbəyov daim Azərbaycana qarşı aqressiv mövqedə dayanıb” AÇIQLAMA

Vüqar Rəhimzadə: “Rüstəm İbrahimbəyov daim Azərbaycana qarşı aqressiv mövqedə dayanıb” AÇIQLAMA

"Rüstəm İbrahimbəyov həmişə olduğu kimi yenə də öz ampluasındadır, anormal düşüncə tərzi, təfəkkürü ilə böhtan xarakterli fikirlər səsləndirir. Ümumiyyətlə, bu insanın əməlləri birmənalı şəkildə Azərbaycan ictimaiyyəti tərəfindən qətiyyətlə rədd edilib və lənətlənib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rüstəm İbrahimbəyovun Azərbaycan hakimiyyətinə və prezidentinə yönəlik böhtan xarakterli müsahibəsinə münasibət bildirərkən deyib.

V.Rəhimzadə deyib ki. R.İbrahimbəyovun daimi olaraq ermənipərəst mövqeyi və ermənilərlə işbirliyində olması hamıya məlumdur: "Bu insan heç vaxt milli ruhda çıxışlar etməyib, əksinə erməni siyasətinə dəstək olan, xidmət edən fikirlərlə yadda qalıb. Onun ölkə başçısı haqqında səsləndirdiyi fikirlər birmənalı şəkildə böhtan və qərəzlilikdən başqa bir şey deyil. Artıq Azərbaycan cəmiyyəti, ictimaiyyəti bu insana qarşı öz münasibətini ortaya qoyub. R.İbrahimbəyov daim Azərbaycana qarşı aqressiv mövqedə dayanıb. Ölkə baçısı İlham Əliyev Azərbaycanın mənafeyi naminə bütün işlərdə, atdığı addımlarda, siyasi danışıqlarda, dialoqlarda yalnız dövlətimizin, xalqımızın maraqlarını müdafiə edir və Azərbaycan xalqının istək və arzularına hesablanmış qərarlar verir. Buna görə də prezident İlham Əliyev bu gün ölkənin daha da qüdrətlənməsinə xidmət edən siyasət aparır. Bununla belə ölkəmizin həm daxili, həm də xarici siyasətində kifayət qədər davamlı, uğurlu işlərə imza atır. Bu mənada hesab edirəm ki, Azərbaycana düşmən, qənim kəsilən həmin R.İbrahimbəyov kimi insanlar bu uğurlardan qısqanclıq hissi yaşayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə