"Avropa Parlamentinin deputatlarının Azərbaycanın başı üzərindən Dağlıq Qarabağa səfər etmələri qanunsuzluqdur. Onların bu hərəkəti suveren hüquqlarımıza müdaxilədir. Çünki seperatçı dövlətə hər hansı bir yardım etmək, öhdəliklər götürmək, o cümlədən iqtisadi iş birlikləri qurmaq niyyəti Avropa Parlamentinin mandatı və onun statusu, səlahiyyətləri ilə uzlaşmayan bir siyasətdir". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Zahid Oruc Avropa Parlamenti üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirərkən deyib.
"Milli Məclis üzvlərinin AP rəhbərliyinə ünvanlanan etiraz bəyanatları olub. Ancaq bir sual ortaya çıxır ki, bu addımla belə məsələlərə son qoyulacaqmı? Avropa Parlamentinin özünün öhdəlikləri nələrdir? Avropa Parlamenti ərazi bütövlüyünü tanıdığı Azərbaycanla bağlı elə qərarlar qəbul etməlidir ki, gələcəkdə də digər parlament üzvləri dərk etsinlər ki, işğal altında olan Dağlıq Qarabağa səfər etməyi planlaşdırarkən bunu Azərbaycandan keçməklə və bu ölkənin razılığı ilə həyata keçirmək lazımdır. Əks halda, bu ciddi toqquşmalara yol aça bilər",- deyə o fikirlərinə əlavə edib.
Zahid Oruc vurğulayıb ki, belə səfərlər Avropa dairələrinin öz siyasəti ilə əlaqəlidir, yəni siyasi korrupsiya elementidir: "Ayrı-ayrı şəxsləri Dağlıq Qarabağa göndərməklə Azərbaycanı sıxmaq, sonradan isə müxtəlif siyasi və iqtisadi maraqlar meydana gətirmək istəyirlər. Bu həm də bizim üzərimizdə qurulmuş oyunun bir həlqəsidir. Onlar çalışırlar ki, bizi hərəkətə gətirsinlər və şərtlər müqabilində Azərbaycanın ərazi bütövlüyünə yanaşmalarını ortaya qoysunlar. Bu isə çox qüsurlu və mühüm dəyərləri olan quruma uyğun olmayan mövqedir. Bu açıq şəkildə erməniləri himayə edərək Azərbaycanın üzərinə qışqırtmaqdan başqa bir şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB