Azərbaycan Xalq Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseynin SəsTV-yə müsahibəsi
- Pənah bəy müxalifətin birliyinin yaradılmasından çox danışılır, ideya və təkliflər irəli sürülür. Amma nəticə yoxdur. Bunun səbəbi nədir?
- İctimai Palatada müxtəlif ideologiyalar, müxtəlif geosiyasi meyli platformalar cəmləşib. Prezident seçkiləri zamanı müxalifət arasında fikir ayrılıqları olur. Hesab edirəm ki, xeyli dərəcədə müxalifət birlikdə fəaliyyət göstərir. Müxalifətin tərkibində bir sıra qurumlar – "İctimai Palata", "Qarabağ", "Məşvərət Şurası" və digər qurumlar fəaliyyət göstərir. Düşünmürəm ki, bu gün müxalifətin siyasi problemi onun birliyi məsələsidir. Müxalifət düşərgəsində sağlar, sollar, sosial demokratlar, millətçilər, milli demokratlar, mənəvi dini yönümlü qüvvələr var. Yəni bunlar arasında rəqabətin olması təbiidir. Qısası onu deyə bilərəm ki, müxalifətdə seçki qabağı vəziyyət heç də düşünülən kimi pis deyil. Yaradılması nəzərdə tutulan Milli Şura çərçivəsində müxalifətin vəziyyəti bir qədər də yaxşılaşa bilər.
- "Milli Şura"nın artıq tarixin arxivində olan "SİDSUH", "Azad Seçki Bloku" kimi digər qurumlardan fərqi nədən ibarət olacaq?
- 1998-ci ildə "SİDSUH" adlı yaranan qurum uğurlu olmadısa, o demək deyil ki 2013-cü ildə yaranan "Milli Şura" da uğursuz olacaq. Fikrimizcə, 1993-cü ildən sonra 2013-cü il müxalifət düşərgəsi üçün ən əlverişli məqamdır.
- Deyilənlərə görə, Milli Şura Rusiyanın layihəsidir. İsa Qənbər də mətbuata verdiyi açıqlamada qeyd edib ki, arzuolunmaz nəticə hiss etsək "qırmızı xətt"ə qədər gedəcəyik. Əgər müxalifət qırmızı xətt təhlükəsinin olmasında xəbərdardırsa niyə bu Şuraya qoşulur və sonradan da geri çəkilir?
- Səhv etmirəmsə İsa Qənbər bildirib ki, əgər biz "Milli Şurada" iştirak ediriksə, deməli bu Rusiyanın layihəsi deyil və əgər bu Şura Rusiya və ya başqa xarici ölkələrin layihəsi olarsa biz bu layihədə yer almarıq. Müxalifətin Rusiyaya işləməsi fikrimcə qeyri səmimi görünür. Qeyd etdiyim kimi, müxalifətin içərisində geosiyasi simpatiyaların və ideologiyaların fərqləndiyi kimi, onların dünyanın ayrı-ayrı dövlətlərinə olan münasibətləri də fərqlidir. Müxalifətin Rusiyada və Avropa ölkələrində mövcud bəzi qüvvələrlə güclü əlaqələri var. Hazırda bizim uzlaşmaq istədiyimiz əsas məqam budur ki, Azərbaycanın maraqlarını müdafiə edə bilək. Artıq müxalifətdə seçim variantı qalmayıb və buna görə də hazırda müxalifətin sıx əlaqə yaratdığı İran, Rusiya və Avropa qüvvələrinin birləşməsi gedir. 1988-ci ildən bu günə qədər ilk dəfə olaraq 2013-cü ildə müxtəlif işarəli qüvvələrin birləşməsi gedir.
- Bu qüvvələr yalnız mətbuatda özünü büruzə verir, yəni heç bir ciddi dəyişikliklər yoxdur.
- Xeyr, mən belə düşünmürəm.
- Sərdar Cəlaloğlu yaradılmamış Milli Şuranı indidən tənqid edir və hətta onu perspektivi olmayan hər hansı xarici qüvvələrin layihəsi adlandırır.
- Mən Sərdar Cəlaloğlunun bu fikri ilə tanış deyiləm. "Milli Şura"da Sərdar Cəlaloğlu da iştirak edəcək. Amma bu qurumda əsas məsələ hər hansı bir şəxslərin olub və ya olmaması deyil.
-Deməli Sərdar bəyə ümid verirsiniz ki, yaradılması nəzərdə tutulan "Milli Şuranı" indidən söyməyə ehtiyac yoxdur.
- Belə başa düşülürsə, onda belə də olsun.
- Razısınızmı ki, müxalifəti Rüstəm İbrahimbəyovun timsalında idarə edən bir qüvvə formalaşıb?
- Mən bununla razı deyiləm. Fikrimcə Rüstəm İbrahimbəyov belə bir iddiada deyil. Sadəcə, onun kimi insanlar bu günə qədər neytral şəxs kimi çıxış edirdilərsə, bu gün onlar da artıq müxalifətə qoşulub.
- Yəni artıq Rüstəm İbrahimbəyov müxalifətin mövqeyindən çıxış etdiyi üçün Əli Kərimli və İsa Qənbər də onu özlərinə yaxın adam hesab edirlər?
- Düşünürəm ki, bu belədir.
- Sizcə "Milli Şura" yaradılsa vahid namizəd ideyası reallaşacaq?
- Prinsip etibarilə mümkündür. "Milli Şura"nın yeganə məqsədi vahid namizədin müəyyənləşməsi deyil. Lakin "Milli Şura" yaradılarsa onun vahid namizədi elə demokratik qüvvələrin əsas namizədi deməkdir.
- Yəni müxalifət bir araya gələcək?
- Müxalifətin bir araya gəlməkdən başqa çarəsi yoxdur.
- Yəni Əli Kərimli İsa Qənbərə güzəştə gedəcək?
- Hər iki başqan elan edib ki, əgər digər bütün qüvvələr bir araya gəlib namizəd irəli sürərsə, onda hər biri həmin namizədə qarşı güzəştə gedəcək. Bu fikri müxalifət düşərgəsində səsləndirməyən insan yoxdur. Hesab edirəm ki, bu günün obyektiv və subyektiv səbəblərinə görə, bu məsələnin reallaşması kifayət qədər gerçəkdir.
Müsahibəni apardı: İ.Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB