“Heydər Əliyev və muzeylərimiz”

“Heydər Əliyev və muzeylərimiz”

Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə aprelin 30-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və muzeylərimiz" mövzusunda konfrans keçirəcək. Tədbirdə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin nümayəndələrinin, habelə Bakı və rayon muzeylərinin rəhbərlərinin iştirakı gözlənilir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konfransın əvvəlində Ulu öndər Heydər Əliyevin Azərbaycanın muzey işi tarixində əvəzsiz xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş olunacaq.

Sonra "Heydər Əliyev və muzeylərimiz" mövzusunda məruzə dinlənilib müzakirə ediləcək. Mövzu ətrafında AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva, Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Abbasqulu ağa Bakıxanov adına mükafatı laureatı Gülzar İbrahimqızı, Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Gülyana Məmmədova, Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Pərixanım Mahmudova, "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruğu Muzeyinin direktoru Rəna Rzayeva, Sumqayıt Şəhərinin Tarixi Muzeyinin direktoru Olya İslamova, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Xalis Məmmədovun çıxışları nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə